Sxadadze çətinliklərdən gileyləndi
10.11.2008 - 15:26
Sxadadze çətinliklərdən gileyləndi
Bakı. Mehman Süleymanov – APA-Sport. “Klubdaxili toplantıda qarşıda duran vəzifəni müəyyənləşdirmişik. Bu, ilk dövrəni 20 xalla başa vurmaqdan ibarətdir. Hazırda hesabımızda 11 xalın olduğunu və ilk dövrənin başa çatmasına üç turun qaldığını nəzərə alsaq, bunun öhdəsindən gəlmək mümkündür”. Bu fikirləri “APA-Sport”a açıqlamasında Bakının “Standard” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Azərbaycan kubokunda mübarizəni dayandıran, Premyer Liqada isə turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan komandanın gürcüstanlı çalışdırıcısı çətinliklərdən gileylənib: “Biz kubokda son Azərbaycan çempionu “İnter”ə uduzduq. Həmin “İnter” ki, son turda səfərdə “Xəzər-Lənkəran”ı 4:2 hesabı ilə məğlub etdi. Dörd orta sahə futbolçumuzun zədələnməsi qeyri-sabit çıxışımıza səbəb olan əsas amillərdəndir. Hesabat turunda “Simurq”la matçda baş verən futboldan kənar xoşagəlməz olaylara şərh verməyi mənasız sayıram. Onu deyə bilərəm ki, birinci dövrəni planlaşdırdığımız kimi, 20 xalla başa vurub, ilk “altılıq”da qərarlaşa bilərik”.

“Simurq”la oyundan sonra istefa verdiyi haqda yayılan xəbərləri təkzib edən Sxadadze maraqlı açıqlama verib: “Mənim “Standard”la müqaviləm yoxdur. Yəni, rəhbərlik məni vəzifəmdən azad etsə, kompensasiya ödəməli olmayacaq. Şəxsi müqaviləm olmasa belə, rəhbərlik razılaşdırdığımız məbləği vaxtı-vaxtında verir. Mən də həmkarlarım kimi, şəxsi müqavilə imzalayıb, gedəndə də kompensasiya tələb edə bilərdim. Ancaq buna lüzum görməyərək, işimi vicdanla görürəm. Rəhbərlik istefaya göndərildiyimi bəyan etməyib. Belə fikrə düşsələr, bunu özümə deməlidirlər. Daha bu haqda mətbuatdan xəbər tutmamalıyam”.

Qeyd edək ki, Sxadadze “Standard”ı bu ilin yanvarından çalışdırır.
0