Araqones: “Mən indiyədək belə derbi görməmişdim”
10.11.2008 - 16:19
Araqones: “Mən indiyədək belə derbi görməmişdim”
Bakı - APA-Sport. “Uzun illərdir futboldayam. Argentinada, İspaniyada derbilər izləmişəm. Amma indiyədək İstanbuldakı kimi derbi görməmişdim”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray”la matçdan sonra “Fənərbaxça” klubunun baş məşqçisi Luis Araqones deyib.

İspaniyalı çalışdırıcı “sarı-qırmızılılar” üzərində 4:1 hesablı qələbədən məmnun qaldığını gizlətməyib. O bildirib ki, derbidə “Fənərbaxça”nın daha çox fərqlənmək şansı olub: “Qarşılaşmanın əvvəlində komandamda bir az gərginlik var idi. Nəticədə 2-ci dəqiqədə qapımızda qol gördük. Bundan sonrakı bütün epizodlarda rəqibdən üstün idik. Son zərbələrdə dəqiqlik çatsaydı, hesab arasındakı fərq bir az da böyük olardı”.

“Fənərbaxça” azarkeşlərinin çılğınlığı da Araqonesi yaxşı mənada təəccübləndirib: “Burada derbiyə tam fərqli gözlə baxırlar. Oyuna çox çılğın azarkeşlər gəlir və sonadək sevimli komandalarını dəstəkləyirlər”.
0