İlqar Quluzadə təkzib edir
10.11.2008 - 18:30
İlqar Quluzadə təkzib edir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Hesabat turunda “Qarabağ”la oyundan sonra komandamızda hər hansı qalmaqal baş verməyib”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.

“Neftçi” Azərbaycan Premyer Liqasında “Qarabağ”la Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirdiyi oyunda üç xala yaxın olduğu halda, uzatma dəqiqələrində qələbəni əldən verib. Quluzadə bu görüşdə komandanı qoldan xilas edə bilməyən qapıçı Anar Nəzirovla türkiyəli müdafiəçi Suat Ustanın yumruq davasına çıxdığını təkzib edib. Onun sözlərinə görə, həmin vaxt futbolçular arasında, ümumiyyətlə dava-dalaş olmayıb: “Mən həmin vaxt paltardəyişmə otağının yanında idim. Ancaq futbolçularımız arasında dava düşdüyünü müşahidə etmədim. Belə bir şey olmayıb. Bunlar hamısı yalandır. “Neftçi”ni istəməyənlər belə xoşagəlməz söz-söhbətlərin yayılmasından maraqlıdırlar”.

Hazırda milli komandaya cəlb olunan Anar Nəzirov da “APA-Sport”a açıqlamasında türkiyəli komanda yoldaşı ilə dalaşmasını təkzib edib. Onun sözlərinə görə, Suat Usta ilə arasında sadəcə, anlaşılmazlıq olub: “Son dəqiqələrdə qələbəni əldən verməyimiz komandaya pis təsir etmişdi. Suat futbolçuların arxaya çox çəkilməsindən narazı idi. Onun fikrincə, hesabda irəlidə olan komanda böyük qüvvə ilə müdafiə olunmayıb, hücuma getməli idi. Mən elə zənn etdim ki, Suat məndən narazı olub. Əslində, bu, belə deyilmiş. Biz nə dalaşmışıq, nə də yumruq davasına çıxmışıq. Bütün bunlar doğru deyil”.

Nəzirov deyib ki, itirilən üç xala görə, özü günahkardır: “Əlbəttə ki, mən də günahkaram, buraxılan qolda səhvim var idi. Açığı, zərbəni gözləmirdim. Zərbə vurulan zamanı topun istiqamətini dəyişməsi məni çaşdırdı. Növbəti oyunlarda əsas heyətdə yer alıb-almamağıma baş məşqçi qərar verəcək”.


0