Hatəmi AFFA rəhbərliyi ilə görüşə gəlmədi
11.11.2008 - 12:32
Hatəmi AFFA rəhbərliyi ilə görüşə gəlmədi
Bakı. Aqşin Əliyev - APA-Sport. “Qəbələ” klubunun iranlı futbolçusu, Azərbaycan milli komandasında oynamaqdan boyun qaçıran Fərzad Hatəminin atası Cəlal Hatəmi AFFA rəhbərliyi ilə görüşməkdən imtina edib. Assosiasiyanın baş katibi Elxan Məmmədovun “APA-Sport”a verdiyi məlumata görə, əslən azərbaycanlı hücumçunun atası ilə danışıqlar baş tutmayıb.

“Biz Fərzadın atasını dəfələrlə Bakıya dəvət etmişik. Öncə oktyabrın ilk ongünlüyünədək, daha sonra ayın axırına qədər buraya gələcəyini bildirmişdi. Lakin qeyri-müəyyən səbəbdən onun səfəri alınmadı” - deyə Məmmədov vurğulayıb.

Baş katib deyib ki, 20 yaşlı futbolçunu yığmanın formasının geyinməyə məcbur etmək olmaz: “Təəssüf ki, milliyyətcə azərbaycanlı olan Hatəmi milli komandamızda oynamağa razılaşmadı. Bununla belə, biz onu məcbur edə bilmərik”.

Qeyd edək ki, yığmamızın baş məşqçisi Berti Foqts ilk dəfə Fərzad Hatəmini 29 sentyabr - 2 oktyabr aralığında keçirilən təlim-məşq toplanışına çağırmışdı. Ancaq “Qəbələ”nin legioneri atası ilə məsləhətləşdikdən sonra Foqtsun təklifinə rədd cavabı vermişdi. O, Azərbaycan milli komandasında oynamasının İranda pis qarşılanacağından, valideynləri və yaxınlarının qınaq obyektinə çevriləcəyindən ehtiyatlanaraq, belə addım atmışdı.
0