AFFA-dan cəza yağışı
11.11.2008 - 12:59
AFFA-dan cəza yağışı
Azərbaycan kubokunun 1/8 finalının “Standard”la “İnter” arasında keçirilən cavab matçında ikinci sarı vərəqə alaraq meydandan qovulan Xəyal Mustafayev 1 oyunluq kənarlaşdırılıb. “İnter”in müdafiəçisinin bu cəzası Premyer Liqanın X turunda arxada qaldığından futbolçu növbəti oyunda meydana çıxa bilər. Paytaxt klubu futbolçusuna görə 200 manat cərimələnib.

Premyer Liqanın X turunda keçirilən “Olimpik” – “Turan” matçının 32-ci dəqiqəsində təhqir edici ifadələr işlətdiyi üçün texniki zonadan kənarlaşdırılan qonaqların baş məşqçisi Rasim Əliyev 4 oyunluq kənarlaşdırılıb, klubu isə 4000 manat cəriməyə məruz qalıb. Bu qarşılaşmada təcili tibbi yardım briqadasının matça 3 dəqiqə gecikməsi “Olimpik”in xəbərdarlıq almağına səbəb olub. Belə halın təkrarlanacağı təqdirdə, klub ciddi cəzalandırılacaq.

“Xəzər-Lənkəran” – “İnter” matçında məğlub olan meydan sahibləri həm də para cəzasına məruz qalıb. “Xəzər-Lənkəran” 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000, görüşün 48-ci və 56-cı dəqiqələrində meydançaya kənar əşyaların atılmağı üçün isə 2000 (iki min) manat cərimə olunub.

“Bakılı” – “Muğan” matçında ikinci sarı vərəqə alaraq meydandan qovulan Zeynal Zeynalov salyanlıların, Elçin Həşimov isə paytaxt təmsilçisinin növbəti oyununu buraxacaq. Futbolçularının bir oyunluq kənarlaşdırılması ilə yanaşı, komandalar hərəyə 200 manat da ödəyəcək. Bundan başqa, polis dəstəsinin stadiona 20 dəqiqə gec gəlməsi üzündən “Bakılı” klubuna xəbərdarlıq edilib.

“Standard” – “Simurq” qarşılaşması başa çatdıqdan sonra meydan sahiblərinin məşqçisi
Elçin Həsənovun matçın hakimlərini təhqir etməsi çalışdırıcının 4 oyunluq kənarlaşdırılmağına səbəb olub. “Standard” 4000 manat cərimə də ödəyəcək. Matç başa çatdıqdan sonra hər iki komandanın üzvləri stadionunun dəhlizində futbolçuya yaraşmayan hərəkətlər etdikləri üçün hər iki klub 5000 manat cərimə olunub.

NİK bu günkü yığıncağında Premyer Liqa komandalarını ümumilikdə 21600 manat cərimələyib.






0