“Neftçi” klubunda pul davası YENİLƏNİB
11.11.2008 - 14:37
“Neftçi” klubunda pul davası YENİLƏNİB
Bakı – APA-Sport. “Neftçi” düşərgəsindən bir-birinin ardınca qalmaqallı xəbərlər gəlməkdədir. “APA-Sport”un fanat.az saytına istinadən məlumatına görə, bu dəfə rəhbərliklə heyətdən uzaqlaşdırılan futbolçular arasında insident yaşanıb. Kluba yaxın mənbələrin verdiyi məlumatda bildirilir ki, almaniyalı baş məşqçi Hans-Yurgen Gede tərəfindən əvəzedici heyətə göndərilmiş futbolçular klub rəhbərliyindən onlara azad agent statusu verilməsini xahiş ediblər.

Ancaq rəhbərlik futbolçuların bu xahişini yerinə yetirməkdən imtina edib.
Rəhbərlik futbolçulara azad agent statusu vermək üçün onların qarşısında şərt qoyub. Belə ki, rəhbərlik futbolçulardan aldıqları pulları geri qaytarmağı tələb edib və bildirilib ki, yalnız bundan sonra onlara azad agent statusu veriləcək.

Məlumatda o da vurğulanır ki, Rəşad Sadıqov yayda “Neftçi” ilə bağladığı müqaviləyə görə 400 min dollar alıb. Gürcü legioner Georgi Adamiyanın isə bundan bir qədər az aldığı bildirilir. Klub rəhbərliyi iddia edir ki, futbolçular aldıqları məbləği qaytarandan sonra onların başqa komandalara keçidinə heç bir problem yaradılmayacaq.

“Heyətdən kənarlaşdırılan futbolçuların başqa komandaya keçidinə problem yaradılmayacaq”. Bunu isə “APA-Sport”a klubun vitse-prezidenti İlqar Quluzadə məlumat verib. Onun sözlərinə görə, komandadan uzaqlaşdırılan oyunçuların müqavilələrinin olmasına baxmayaraq, karyeralarını başqa klubda davam etdirmələrinə əngəl törədilməyəcək: “Biz həmin futbolçuları transferə çıxarmışıq. Misal üçün, Rəşad Sadıqovun Türkiyəyə getmək variantı varsa, biz ona problem yaratmayacağıq. Bu, kənarlaşdırılmış bütün futbolçulara, yəni ölkə daxilində özlərinə klub axtaranlara da aiddir”.

Qaydaya əsasən, “Neftçi”nin müqaviləsi başa çatmayan futbolçunun başqa kluba keçidinə görə müəyyən məbləğdə pul tələb etmək hüququ var. Quluzadə bunu belə münasibət bildirib: “Bunu kiməsə açıqlamağın nə mənası var? Bu, klub daxili işdir”.

Qeyd edək ki, “Neftçi” alman baş məşqçisi Hans-Yurgen Gedenin qərarına əsasən, milli komandamızın kapitanı Rəşad Sadıqovla yanaşı, Aleksandr Çertoqanov, Georgi Adamiya, Elnur Allahverdiyev, Rəşad Sadiqov, Ruslan Abbasov, türkiyəli Levent Kartop və gürcü Georgi Çelidze ilə yollarını ayırıb. Bu futbolçulardan Kartopla Çelidze artıq vətənlərinə dönüb, Sadıqov, Çertoqanov və Adamiya isə “Neftçi-2”də yer alıb.

0