Bakıdan qələbəsiz ayrılan məşqçilər əlbəyaxa oldular
11.11.2008 - 16:35
Bakıdan qələbəsiz ayrılan məşqçilər əlbəyaxa oldular
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Rusiya çempionatında keçirilən MOİK - “Moskva” oyunu qalmaqala səbəbə olub. “APA-Sport”un məlumatına görə, qarşılaşmanın fasiləsində “hərbçilərin” baş məşqçisi Valeri Qazzayevlə “Moskva”nın çalışdırıcısı Oleq Bloxin arasında dava düşüb. Oyunun fasiləsində yeraltı keçidlə paltardəyişmə otağına yollanan baş məşqçilər münasibətlərini ayırd etməyi lazım bilib. Söz “atışması”nın məntiqi sonluğu kimi Qazzayev ukraynalıya əl qaldırmağa çalışıb. Özünü yetirən polislər və matçın hakimləri coşmuş məşqçiləri aralaya bilib. Hadisəyə səbəb birinci hissənin sonlarında Bloxinin rəqibin ehtiyat oyunçular skamyası istiqamətində nümayişkaranə şəkildə əl çalması olub.
Qeyd edək ki, Bloxin 2006-cı ildə Ukrayna yığmasının, Qazzayev isə 2004-cü ildə elə indiki komandasının baş məşqçisi kimi ölkəmizə gəlib. Onların heç biri Bakıda qələbə qazana bilməyərək, qolsuz heç-heçə ilə kifayətlənib.


0