“Neftçi” Androniki baxışa çağırdı
11.11.2008 - 17:27
“Neftçi” Androniki baxışa çağırdı
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubu baxışa daha bir legioner çağırıb. “APA-Sport”un məlumatına görə, flaqman əcnəbi hücumçular - türk Uğur Yıldırım və rus Andrey Salnikovdan sonra moldovalı yarımmüdafiəçini sınaqdan keçirir. Bu, cari ildə aşağı liqada çıxış etmiş 26 yaşlı Valeri Andronikdir.

2008-ci ilə Rumıniya çempionatının 3-cü liqasında çıxış edən Buxarestin “İnterqaz” klubunda başlayan moldovalı iyuldan Rusiyada oynayıb. Birinci divizionda çıxış edən Kalininqradın “Baltika” klubunda 7 görüşdə (383 dəqiqə, 2 sarı vərəqə) forma geyinən Valeri son rəsmi oyununu oktyabrın 5-də “Maşuk-KMV”yə qarşı keçirib. Vətənində “Zimbru” (1998-2000), “Tiliqul” (2004/05), “Politexnika” (2006/07) klublarında çıxış edən orta sahə oyunçusu indiyədək Rumıniya və Rusiya ilə yanaşı, Macarıstan və Ukraynada da legioner həyatı yaşayıb.

Rumıniyada Buxarest təmsilçilərinin şərəfini qoruyan Andronik “Dinamo” (2000-02) və “Proqressul” (2007/08) klublarında da çıxış edib. Macarıstanda MTK (2002-03), Rusiyada “Dinamo” (Moskva, 2003) və “Oryol” (2005), Ukraynada “Metallist” (Xarkov, 2004/05) komandasının şərəfini qoruyan Valeri öz ölkəsinin yığmasında da forma geyib.

Belə ki, 2001-ci ildən bu yana fasilələrlə Moldova millisinə cəlb olunub və keçirdiyi 11 görüşdə 1 qol vurub. Bunlardan 6-sı dünya çempionatının seçmə mərhələ oyunlarıdır ki, onlar arasında milli komandamızla görüş də var. Belə ki, Andronik İqor Ponomaryovun rəhbərlik etdiyi yığmamızla 2001-ci il sentyabrın 1-də keçirilən matçda meydana çıxıb.

Qeyd edək ki, Valeri cari seçmə mərhələdə Moldova millisinin heyətində 3 oyunda meydana çıxıb.


0