Vəli Qasımovun rekordu təkrarlandı
11.11.2008 - 18:02
Vəli Qasımovun rekordu təkrarlandı
Bakı. Mehman Süleymanov - APA-Sport. Moskvanın MOİK klubunun hücumçusu Vaqner Lav Azərbaycan yığmasının sabiq hücumçusu Vəli Qasımovun rekordunu təkrarlayıb. “APA-Sport”un məlumatına görə, 24 yaşlı braziliyalı Rusiya Premyer Liqasının 16 illik tarixində “poker” edən növbəti futbolçu olub.

Hesabat turunda “Moskva”nı böyük hesabla məğlub etdikləri (4:1) oyunda MOİK-in bütün qollarına imza atan Vaqner bununla da komandasına sona iki tur qalmış gümüş medal və Çempionlar Liqasına vəsiqə qazandırıb.

Hazırda “Neftçi”də idman direktoru postunu tutan Vəli Qasımov Rusiyanın güclülər dəstəsində bir oyunda ən azı 4 qol vuran 11 oyunçu arasında birinci idi. Belə ki, Rusiyada birinci “poker” edən futbolçu olan Vəli ilk çempionatda buna nail olub. Qasımov 1992-ci ilin sentyabrın 11-də Moskvanın “Dinamo” klubunun heyətində “Asmaral” komandasını 6:1 hesabı ilə məğlub etdikləri görüşdə 37, 44, 46 və 70-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Ruslar həmyerlimizdən sonra növbəti “poker”i iki il gözləməli olub.

Qeyd edək ki, 1992-ci ildə “Dinamo”ya qədər Moskvanın “Spartak” klubunda çıxış edən Vəli Rusiyanın ilk milli çempionatında bombardirlər siyahısında 2-ci yeri tutub.


0