Azarkeşlər telekanala basqın etdilər
11.11.2008 - 18:12
Azarkeşlər telekanala basqın etdilər
Bakı. Kənan Həsənov – APA-Sport. Yunanıstanın “Panatinaikos” klubunun azarkeşləri paytaxt Afinada “Extra 3” televiziya kanalının ofisinə basqın ediblər. “APA-Sport”un məlumatına görə, buna əzəli rəqib “Olimpiakos”la bağlı verilişin efirə getməsi səbəb olub.

Polis ofisə daxil olan 30-dək fanatın yandırıcı maddələrdən istifadə etdiyini və qarşılarına çıxan inventarları qırdığını bildirib. Azarkeşlər əzəli rəqiblərinə nifrətlərini ofisin həyətində saxlanılan 30 avtomobili sıradan çıxarmaqla da büruzə verib. Hadisə nəticəsində zərərçəkən olmasa da, televiziya kanalına ciddi maddi ziyan dəyib.

Polis basqınçılardan 15 nəfəri saxlayıb. Onlardan doqquzunun əvvəl də xuliqanlığa görə cəza çəkdiyi müəyyənləşib.

Qeyd edək ki, bu iki klub arasında keçirilən oyunların əksəriyyəti dava-dalaşla müşayiət olunur. İki gün öncə baş tutan derbi isə qolsuz bərabərliklə nəticələnib.
0