Sissoko Azərbaycan çempionatını İspaniya Primerosu ilə müqayisə etdi
11.11.2008 - 19:10
Sissoko Azərbaycan çempionatını İspaniya Primerosu ilə müqayisə etdi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Azərbaycana gələn çoxlu legionerlər arasında bəzilərinin səviyyəsi yanlış transferlər olduğunu göstərir. Məncə, bura yaxşı legionerlərin gəlməsi üçün 4-5 il vaxt lazımdır”. “APA-Sport”un məlumatına görə, bunu “Bakı”nın seneqallı qapıçısı Xalidu Sissoko klubun rəsmi saytına müsahibəsində deyib.

Ölkəmizdə 5-ci mövsümdür çıxış edən 30 yaşlı legioner Premyer Liqamızı İspaniya Primerosu ilə müqayisə edib: “İndi İspaniya çempionatında da limit yoxdur. Gəlin baxaq görək ki, orada hansı səviyyəli futbolçular çıxış edir. Müqayisə yersizdir. Bütün legionerlər “ələk”dən keçəcək və sonda Azərbaycana ancaq yüksək səviyyəli legionerlər gələcək. İndi bu barədə danışmaq tezdir. Azərbaycanda yerli futbolçuların yetişdirilməsi daha yaxşı olardı. Milli komandada legionerlər yox, yerlilər oynamalıdır”.

Azərbaycan yığması ilə bağlı fikrini alman mütəxəssislərin dəvət edilməsi ilə davam etdirən Sissoko onlardan xüsusilə uşaq futbolunda çox şey gözlənildiyini söyləyib. Onun fikrincə, məşqçilərdən öncə hər bir oyunçu öz millisi üçün can yandırmalıdır: “Heyətində yer aldığım Seneqal yığması dünya çempionatına yollanarkən, ölkə prezidenti komandaya bir bayraq verdi. Bu oyunçular üçün çox gözəl bir hədiyyə oldu. Prezidentimiz bizimlə söhbətində Seneqal xalqını təmsil edəcəyimizi qeyd etdi. Bizi bütün dünya izləyəcəkdi. Bundan sonra milli komandamızın necə çıxış etdiyi haqda xəbəriniz var. Biz oyunlarda qələbə üçün canımızı qoyurduq. Başqa cür ola da bilməzdi. Çünki bizə 11 milyon Seneqalla yanaşı, bütün dünya baxırdı”.

Azərbaycanda ən yaxşı qapıçı “Xəzər-Lənkəran”dakı həmkarı Dmitri Kramarenko hesab edən Xalidunun sözlərinə görə, çempionatımız, komandalarımızın səviyyəsi getdikcə artır. “Bakı”nı ən güclülər sırasında görən seneqallı klubda uşaq futbolu ilə bağlı görülən işlərdə prezident Hafiz Məmmədovun əməyini qeyd edib: “Bakı”da çox çətinliklər, gəliş-gedişlər görmüşəm. Təcrübəm və xarakterimə görə mənə komandada vitse-kapitanlığı etibar ediblər. Turnir cədvəlində 2-ci yerdə getməyimizin təsadüfi olmadığını qarşıdakı turda “Simurq”la oyunda göstərəcəyik. Mobil komanda olan, kollektiv futbol oynayan “Simurq”da çoxlu liderlər var. Belə komandalarla oyun bizim üçün hər zaman çətin keçib. Səfər amilini də unutmaq olmaz. Lakin biz daha güclüyük və bunu sübut etmək üçün oyunu gözləməliyik. İndidən demək olmaz ki, hesab bizim xeyrimizə olacaq. Çünki futbol proqnozları sevmir”.

Qeyd edək ki, Sissoko “Bakı”nın heyətində həm ölkə çempionluğunu, həm də kuboku qazanıb.
0