“Bizə meydanda ürəyini qoyan futbolçular lazımdır” - MÜSAHİBƏ
12.11.2008 - 12:58
“Bizə meydanda ürəyini qoyan futbolçular lazımdır” - MÜSAHİBƏ
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadənin “APA-Sport”a müsahibəsi

- İlk dövrənin başa çatmasına az qalıb. Qarşıda duran planlar nədir?
- Hazırda komandanın qarşısında duran vəzifə ilk dövrənin qalan üç turunda hazırkı heyətlə maksimum xal toplamaqdır. Təcrübəsi yetərincə olmayan gənc futbolçularımız əllərindən gələni edirlər ki, biz də onlardan razıyıq. Son turda “Qarabağ”la oyunda heyəti gəncləşən komandamız bacarığını aşkar göstərdi. Artıq düşərgəmizə yeni futbolçular dəvət etməyə başlamışıq. Yenə də baxışa gələnlər olacaq. Onlar menecerlər vasitəsilə gəlir. Ancaq bu, o demək deyil ki, baxışa dəvət olunanlar komandamızda qalacaqlar. Həmin oyunçular sadəcə, baxışa gəlirlər.

- Uğur Yıldırım kifayət qədər tanınan futbolçudur. Sizcə, Hollandiyada, Türkiyədə oynamış 26 yaşlı bu hücumçu “Neftçi”yə xeyir verə bilərlərmi?
- Bunun üçün futbolçunun özünü göstərməsi lazımdır.

- “Neftçi” bu oyunçunu cəlb etməklə, reklam məqsədi güdmür ki?
- Bizim reklama ehtiyacımız yoxdur. “Neftçi” tanınan klubdur. Bu işlər reklam üçün görülmür. Bizə meydanda komanda üçün ürəyini qoyan futbolçular lazımdır. Yenilərin həm futbolçu, həm də insani keyfiyyətlərinə baxıb qərar verəcəyik. Bununla da, onların layiq olub-olmadığını müəyyənləşdirəcəyik. Seleksiya işlərinə baş məşqçimiz baxır və biz onun işinə qarışmırıq.

- Hazırda komandada hər mövqeyə yeni futbolçu lazımdırmı?
- Yeni transferlərlə bağlı yetərincə vaxtımız var. Hələ ki baş məşqçi ilə danışmamışıq. Hər halda, gələcəkdə komandamızda rəqabəti artırmaq üçün ehtiyatda çox futbolçular olmalıdır. Hazırda gənc, çox istedadlı oyunçularımız var.

- “Neftçi” klubunda uzun müddətdir heyət baxımından belə köklü islahatlar olmamışdı. Gəncləşmə siyasətinə üstünlük verməklə, gələcəyin komandasını qurursunuz. Sözsüz ki, bu, düşünülmüş addımın nəticəsidir. Doğrudanmı, belə riskə getməyə dəyərdimi?
- Artıq ilk addım atılıb. Əsas ikinci addımdır və buna da vaxt lazımdır. Biz də “Neftçi”də adına layiq komandanın bərpa olunması üçün əlimizdən gələni edəcəyik.

- Amma daha çox gənclərdən qurulan komanda ilə nəticə qazanmaq çətindir...
- Elə buna görə də kənardan əcnəbi oyunçular dəvət edirik. Həmin gənclərin təcrübəli legionerlərin yanında yetişməsinə tək “Neftçi”yə yox, Azərbaycan futboluna fayda verməsinə çalışırıq. Gənclərlə təcrübəlilərin vəhdətindən yaxşı bir komanda qurmaq istəyirik.

- Hər halda, bu mövsümdə hazırkı heyətlə nəticə qazanmaq çətin olacaq...
- Bunu bilmək olmaz. İnşallah, bunu çempionatın sonu göstərəcək.

- Belə çıxır ki, “Neftçi” rəhbərliyi komandanın bu il mükafatçılar sırasına düşməsini real sayır...
- Bəli. Bunun üçün futbolçuların yaxşı oyun göstərməsi lazımdır.

- Amma nəzərə alaq ki, ilk “üçlük”dəki komandalardan 13-14 xal geri qalırsınız. Yəni, onlar da xal fərqini qorumaq üçün əllərindən gələni edəcəklər...
- Vaxt hər şeyi göstərəcək. İndidən dəqiq bir şey demək olmaz. “Neftçi”nin baş məşqçisi, futbolçuları qarşısında həmişə yuxarı yerlər uğrunda aparmaq vəzifəsi qoyulub.

- Aparılan islahatlar göstərdi ki, rəhbərlik baş məşqçi Gedeni dəstəkləyir. Alman mütəxəssisin hansı keyfiyyətləri var ki, rəhbərlik ona arxa durur?
- Gedenin həm nizam-intizama üstünlük verməsindən, həm də ümumi işindən razıyıq.

- Yəni, baş məşqçi dəyişikliyindən söhbət gedə bilməz?
- Hələlik Gededən narazılığımız yoxdur. Amma baş məşqçini göylərə qaldırsan, işləməyə bilər.

- Bəs Gedeyə etimad limiti nə vaxta qədər olacaq?
- Bu, onun özündən asılıdır. Gedenin işlədiyi kənardan görünür və indiyə qədər ondan razıyıq. Sabah necə olacağını zaman göstərəcək. Sadəcə, işin gedişi dəyişikliyin vacib olmasını göstərdi. Bu, məcbur addım idi və məqsədimiz azarkeşlərimizi, “Neftçi”ni istəyənləri sevindirməkdir. Düzdür, indi bir az çətinliyimiz olacaq. Amma Allahın köməyi ilə hər şey öz yerini tapacaq. “Neftçi” hər il çempionluğa oynayıb və həmişə də belə olacaq.

- Avrokuboklara çıxmaq üçün çempionatla müqayisədə kubokda şansınız daha yaxşıdır. Hesab etmirsiniz ki, kuboka daha çox diqqət ayırmaq daha məqsədyönlü olar.
- Biz həm çempionatda, həm də kubokda uğurlu çıxış etməyə çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Cari mövsümdə nəticə olmasa, baş məşqçi qarşıda duran vəzifəni yerinə yetirməsə, bu, rəhbərliyi narazı salmayacaq ki?
- Hazırda biz bu haqda fikirləşmirik. İndi bütün diqqətimizi ilk dövrənin son üç oyununa yönəltmişik. Bundan sonra işimizə baxacağıq. Hər şey mərhələ-mərhələ keçməlidir. Gələcəkdə nə olub-olmayacağını indidən proqnozlaşdırmayaq.

- Rəhbərlik baş məşqçinin işinə qarışmır. Belə çıxır ki, Gede nə məsləhət bilir, onu da edir?
- Bu, tamamilə belə deyil. Hər şey öz çərçivəsində olmalıdır. Hamı öz işinin öhdəsindən gəlməlidir. Hazırda baş məşqçini dəstəkləyirik. Gede özünü göstərmək istəyir, uşaq futboluna xüsusi diqqət yetirir.

- Sabah Gedenin köklü islahatları bəhrə verməsə, bundan peşmançılıq çəkməyəcəksiniz ki?
- Sabah, yaxşı olsa, bəs onda necə olacaq?

- Bu, təqdirəlayiq hal sayılacaq.
- Niyə pis şeyləri fikirləşməliyik ki? Allah eləsin ki, hər şey yaxşı olsun.

- Klubun prezidenti Əkbər Hacıyevin baş verənlərə münasibəti maraqlıdır...
- O, hər şeydən xəbərdardır və aparılan islahatları dəstəkləyir. Hazırda “Neftçi”nin 8 futbolçusu yığmanın düşərgəsindədir. Deməli, görülən iş doğrudur.

- Yığmaya çağırılan futbolçulardan ikisi - Rəşad Sadıqovla Aleksandr Çertoqanov “Neftçi”nin əsas heyətindən kənarlaşdırılanlardır...
- Hər halda, 6 futbolçu da az deyil. Heç bir komandadan yığmaya bu sayda oyunçu çağırılmır.

- Qışda heyətinizdə böyük dəyişikliklər ediləcəkmi?
- Hələ ki bu, gözlənilmir.

- Başqa hansı futbolçuları komandadan çıxaracağı müəyyənləşdirmisiniz?
- İndi bu suala cavab vermək istəmirəm.








0