“Muğan”da etiraz dalğası
12.11.2008 - 13:21
“Muğan”da etiraz dalğası
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının debütantı Salyanın “Muğan” klubunda ciddi narazılıqlar baş qaldırıb. “APA-Sport”un məlumatına görə, çempionatın son turunda “Bakılı”ya uduzduqdan sonra proseslər kuliminasiya nöqtəsinə çatıb. Təcili iclas çağıran klub rəhbərliyi iki futbolçuya – yığmamızın da şərəfini qoruyan Zeynal Zeynalov və nigeriyalı Erik Obidikeyə qapını göstərib.

“Zeynal futbolçuya, ən əsas da kapitana yaraşmayan hərəkətinə görə komandadan kənarlaşdırılıb. Bununla bağlı keçirdiyimiz klub daxili iclasda hamı yekdilliklə buna səs verdi” - deyə “Muğan”ın icraçı-direktoru Füzuli Əliyev “APA-Sport”a açıqlamasında deyib.

Əliyev bildirib ki, yayda transfer etdikləri Zeynal Zeynalov milli komandamıza cəlb olunmasından sui-istifadə edib: “Onu böyük ümidlərlə transfer etsək də, bizə kömək etmədi. Özü də komandada ən yüksək məvacibi ona verirdik. Zeynal isə yığmadan qayıdandan sonra klubumuz yox, özü üçün oynayırdı. Axırıncı turda “Bakılı” ilə görüşdə isə qırmızı vərəqə almaqla, komandanı çətin vəziyyətdə qoydu. Onun bir sarı vərəqəsi olduğu halda, rəqibi dirsəyi ilə vuraraq, ikinci dəfə sarı vərəqə aldı. Hərçənd kapitan komanda yoldaşlarına nümunə olmalıdır. Zeynalın belə hərəkəti qəbulolunmazdır”.

Əliyev futbolçunun maaş məsələsinə toxunub. İcraçı-direktorun sözlərinə görə, Zeynal məvaciblə bağlı rəhbərliyi hədələyib: “Bizdə hər ayın 5-də maaşlar verilir. Noyabrın 6-da Salyanda olduğumuz üçün maaşları verə bilmədik. Bunu Bakıya qayıdandan sonra, yəni ayın 8-də etdik. Zeynal “Bakılı” ilə oyun öncəsi pula görə klubun düşərgəsini özbaşına tərk etdi. Mənim telefon zəngimdən sonra qayıdan kapitanımız görüşdə qırmızı vərəqə aldı. Zeynal belə hərəkəti ilə ab-havanı pozur, bəzi futbolçulara təsir göstərirdi”.

Nigeriyalı müdafiəçi Erik Obidikeni də qovduqlarını deyən Əliyev bunu futbolçunun oyunlarda çoxlu səhvlər buraxması ilə əsaslandırıb. “Muğan”ın digər təcrübəli futbolçusu İlqar Əbdürəhmanovun da “Bakılı” ilə oyundan öncə transferə çıxarıldığı deyilsə də, icraçı-direktor bunu təkzib edib: “İlqar komandamızda qalıb. Onu vitse-kapitan təyin etmişik. Zeynalın gedişindən sonra isə yeni kapitan Tərlan Xəlilov olacaq. Baş məşqçi Vladislav Qədirovdan narazı deyilik və onun komandada qalmasını istəyirik”.

Zeynal Zeynalov isə “APA-Sport”a açıqlamasında komandadan qovulmasından xəbərsiz olduğunu bildirib: “Hazırda mən yığmanın heyətində təlim-məşq toplanışındayam. Klubda baş verənlərdən xəbərim yoxdur. Komandadan çıxarılmağımı da ilk dəfə sizdən eşidirəm. Təlim-məşq toplanışı başa çatdıqdan bu məsələni “Muğan” rəsmiləri ilə aydınlaşdıracağam”. 28 yaşlı yarımmüdafiəçi onu da əlavə edib ki, klub rəhbərliyi və məşqçilər korpusu ilə münasibətləri həmişə qaydasında olub: “Bizim aramızda heç vaxt narazılıq və ya problem yaşanmayıb. Əgər həqiqətən də klubdan uzaqlaşdırılmışamsa, əlbəttə, bu, mənim üçün gözlənilməz olar”.











0