“Xəzər-Lənkəran” dəyişəcək
12.11.2008 - 14:50
“Xəzər-Lənkəran” dəyişəcək
Bakı. Mehman Süleymanov – APA-Sport. “Komandamız transfer dövründə daha aktiv olub. Kimləri transfer edəcəyimiz vaxtı gələndə açıqlanacaq”. Bunu “APA-Sport”a açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Araz Nəsirov deyib.

Son iki mövsümdə Azərbaycan kubokunu qazanan lənkəranlıların supertransfer etməyə hazırlaşması haqda söz-söhbətlər səngimir. Hadisələri qabaqlamaq istəməyən Nəsirov isə səviyyəli futbolçuların transferində maraqlı olduqlarını deyir: “Komandamız həmişə yüksək səviyyəli oyunçuları heyətinə cəlb etməyi qarşısına məqsəd qoyub. Bu, istər yerli, istərsə də əcnəbi futbolçulara aiddir. “Xəzər-Lənkəran”ın formasını geyməyə layiq olan futbolçular alacağıq. Komandamızda “oturulmuş” heyət olduğundan, qış fasiləsində böyük dəyişiklər gözlənilmir. Baş məşqçi hansı mövqelərin gücləndirilməsini lazım bilsə, ona uyğun transferlər gerçəkləşdirəcəyik. Özünü doğrultmayan futbolçular olarsa, onlar da yollarımızı ayıracağıq”.

Premyer Liqanın son iki turunda qələbə üzünə həsrət qalan “Xəzər-Lənkəran” bununla da liderliyini itirib. Komandanın turnir cədvəlində 5-ci yerə düşməsinə görə narahatçılığa lüzum görməyən Nəsirov fikrini belə əsaslandırıb: “Komandamız 5-ci yerə düşsə də, liderlə xal fərqi çox azdır. Mübarizə hələ qabaqdadır və buna görə də indidən üzülməyə dəyməz. Əsas odur ki, biz liderlər qrupunda yer almışıq. İlk “beşlik”də yer alan komandalar arasında xal fərqinin çox az olduğunu nəzərə alsaq, hər turdan sonra turnir cədvəlində yerdəyişmələr olacaq. Komandamız son iki görüşdə qalib gəlməsə də, yüksək səviyyəli oyun nümayiş etdirdi. Nəticə qazanmamağımız artıq məsələnin ikinci tərəfidir”.

Nəticə haqda mövsümün sonunda qiymət verməyi daha məqsədəuyğun hesab edən vitse-prezidentin sözlərinə görə, baş məşqçi dəyişikliyi gündəmdə deyil: “Kara ilə yollarımızı ayırmaq fikrimiz yoxdur. Biz ona güvənirik. Hazırda komandamızda yüksək əhval-ruhiyyə hökm sürür və qarşıdakı oyunlarda uğurlu çıxış etmək əzmindəyik”.

Qeyd edək ki, ilk dövrədə 7 oyunluq qələbə seriyası olan “Xəzər-Lənkəran” liderliyi son turda öz meydanında uduzduğu (2:4) “İnter” klubuna verdi.
0