Azərbaycan yığması 20-ci nəticəyə imza atıb
12.11.2008 - 14:57
Azərbaycan yığması 20-ci nəticəyə imza atıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. FİFA-nın reytinq cədvəlində 9 pillə irəliləyən Azərbaycan milli komandası dünyada 20-ci nəticəni göstərib. “APA-Sport”un məlumatına görə, bir ay əvvəl 143-cü olan yığmamız planetin 207 komandası arasında 134-cü pilləyədək irəliləyib. Ümumiyyətlə, dünyanın 79 yığması son bir ayda yüksəlişə nail olub.

Bu ölkələr arasında 19-u millimizlə müqayisədə irəliyə doğru daha böyük “addım” atıb. Yığmamızdan 10 pillə qabaqda olan Syerra Leone də millimizlə eyni yüksəlişə nail olub. Bu göstəricidə lider olan Yamayka mövqeyini 33, Laos 28, Kuba isə 25 pillə yaxşılaşdırıb.
9 addım irəliləmək yığmamızın tarixində o qədər də böyük nəticə deyil. 19 ay əvvəl, ötən ilin aprelində 123-cü yerdən 20 pillə irəli atılan komandamız 103-cü sıraya qalxmışdı. Həmin inkişafda Finlandiya üzərində Bakıdakı minimal hesablı qələbənin böyük rolu olmuşdu. Planetin 100 komandası son bir ayda geriləyib ki, Qırğızıstan və Kipr 27, Honq-Konq isə 26 pillə addım aşağı yuvarlanıb.

207 komandadan 105-i son bir ayda xal hesabını da artırıb. Özünün 191 xalına daha 17 xal əlavə etməklə, bu göstəricini 208-ə çatdıran yığmamız bu siyahıda 48-ci mövqedədir. Ən böyük artıma isə İsveçrə nail olub. Ottmar Hitsfeldin yetirmələri bu müddətdə 158, Yamayka 126, Ekvador 110 xal qazanıb. 91 yığmanın isə xal hesabı azalıb. Onlar arasında Honq-Konq 126, Qırğızıstan 124, Norveç isə 108 xal itirməklə fərqlənir.
0