Yuri Muzika Azərbaycana qayıdır
12.11.2008 - 15:59
Yuri Muzika Azərbaycana qayıdır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Salyanın “Muğan” klubu Azərbaycan yığmasının sabiq futbolçusu Yuri Muzikanı heyətinə qatmaq istəyir. “APA-Sport”un məlumatına görə, 28 yaşlı rusiyalı yarımmüdafiəçinin komandaya keçidi ilə bağlı şifahi razılıq əldə olunub. Premyer Liqanın birinci dövrəsində uğursuz çıxış etdiyindən heyətdə islahatlar aparmağı zəruri hesab edən salyanlılar milliləşən legionerlə orta sahədə yaranan boşluğu aradan qaldırmaq fikrindədir. Belə ki, kapitan Zeynal Zeynalovun komandadan kənarlaşdırılmasından sonra yarımmüdafiə xəttində boşluq yaranıb.

Kalininqrad “Baltika”sının yetirməsi olan Muzika karyerasının böyük hissəsini bu klubda keçirib. 2005-ci ilin yanvarında Azərbaycana gələn yarımmüdafiəçi “Karvan”, “İnter” və “Olimpik”in şərəfini qoruyub. 2005-ci ildə Azərbaycan millisində debüt edən Muzika yığmamızın heyətində 8 qarşılaşmaya çıxıb.

Qeyd edək ki, bu ilin yanvarında “Olimpik”ə transfer olunan Yuri ötən mövsümün ikinci dövrəsini paytaxt təmsilçisində keçirib.


0