Nikolov “Olimpik”ə və futbolçusuna sataşdı
12.11.2008 - 16:49
Nikolov “Olimpik”ə və futbolçusuna sataşdı
Bakı. Mehman Süleymanov - APA-Sport. “Dövrələrarası fasilədə gurultulu transferlər gerçəkləşdirməyi planlaşdırmamışıq. Hazırkı reallığı nəzərə alsaq, buna imza atmaq Azərbaycan klubunun cibinə görə deyil”. Bunu “APA-Sport”a açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

Son Azərbaycan çempionu “İnter” hesabat turunda səfərdə “Xəzər-Lənkəran”ı məğlub etməklə (4:2), cari mövsümdə ilk dəfə liderliyə yüksəldi. Nikolov bildirib ki, ölkə daxilində uğur qazanmaq üçün hazırkı heyətə güvənir: “Hesab edirəm ki, Azərbaycanda nəticə qazanmaq üçün elə indiki döyüşkən heyətimiz də kifayətdir. Gurultulu transferlər yayda, mövsüm bitəndən sonra gündəmə gələcək. Əgər ardıcıl ikinci il Çempionlar Liqasına vəsiqə qazansaq, onda belə turnirdə təcrübəsi böyük olan legionerlər bizə lazım olacaq. Ölkə daxili yarışlarda isə belə əcnəbi oyunçular almağa ehtiyac görmürük. Onsuz da yaxşı heyətimiz var və bununla da nəticə qazana bilərik”.

Baş məşqçi Valentin Xodukinlə qış fasiləsində yeni futbolçularla bağlı fikir mübadiləsi aparan Nikolov yerli transferlərə diqqət yönəldəcəklərini söyləyib. Ancaq klub prezidenti “Neftçi”dən uzaqlaşdırılan futbolçuları transfer etmək niyyətində olmadıqlarını söyləyib: “Çünki həmin oyunçularda baş verən məlum hadisələrdən sonra psixoloji gərginlik var. Onların bu gərginliklə klubumuza gəlməsini istəməzdik. Buna görə də hətta Azərbaycan yığmasının kapitanı olan Rəşad Sadıqovun xidmətində maraqlı deyilik”.

Gənc, perspektivli futbolçuları transfer etmək siyasətini davam etdirəcəklərini deyən Nikolov belə oyunçulardan Elvin Məmmədovla Cavid Hüseynovun məsələsinə toxunub. O, əsas heyətdə yerlərini itirən milli üzvlərinin narazılığında əsas görmür: “Əslində, Elvin son oyunlarda çıxış edir və ehtiyatda qalmasına görə narazılıq edən yalnız Caviddir. Cavid bilməlidir ki, “İnter”ə gələnə kimi onu bir futbolçu kimi heç kim tanımırdı. Biz onu ötən qış “Olimpik”dən havayı aldıq. Bu komanda Hüseynovun xidmətində daha maraqlı olmadığı üçün, sıralarından kənarlaşdırdı. Cavid məhz “İnter”də inkişaf etdi və Berti Foqtsun diqqətini cəlb edərək, yığmaya düşdü. İndi o, əsas heyətdə yerini qaytarmaq, səviyyəsini daha da yüksəltmək üçün çox çalışmalı, özünü sübut etməlidir. Heç bir futbolçunu komandada güclə saxlamaq fikrimiz yoxdur. “İnter”lə cari mövsümün sonuna qədər müqaviləsi olan Elvinlə Cavidin gedişi gündəmdə deyil”.
0