Dobrovolski “Neftçi”yə mane oldu
12.11.2008 - 18:03
Dobrovolski “Neftçi”yə mane oldu
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun baxışa çağırdığı moldovalı yarımmüdafiəçi Valeri Andronikə milli komandadan dəvət gəlib. “APA-Sport”un məlumatına görə, son vaxtlar Kalininqradın “Baltika” klubunda çıxış edən 26 yaşlı futbolçunun Moldova yığmasına çağırılması planlaşdırılmayıbmış. Noyabrın 18-də və 19-da Estoniyada keçiriləcək mini-turnirdə iştirak edəcək moldovalıların heyətlə bağlı problemi yaranıb. Moskvanın “Spartak” klubunun yarımmüdafiəçisi Sergey Kovalçuk zədə səbəbindən bu turnirdə iştirak edə bilməyəcək. Moldova milli komandasının baş məşqçisi İqor Dobrovolski Kovalçuku karyerasında ölkəmizdə davam etdirmək istəyində olan futbolçu ilə əvəzləməyə qərar verib. Bununla, yığmada maraqlı hadisə müşahidə olunacaq. Belə ki, Moldova millisinin heyətində birdən-birə Andronik soyadlı üç futbolçu meydana çıxa biləcək. Bu soyadı daşıyan Oleq ilə İqor Valerinin yaxın qohumlarıdır. Yığmaya ilk dəfə çağırılan bu cütlük iki il öncə “Qarabağ”ı UEFA kubokunda mübarizədən kənarlaşdıran Kişinyovun “Zimbru” klubunda çıxış edir. “Neftçi”yə baxışa gələn Andronik isə Moldova yığmasının heyətində keçirdiyi 11 oyunda 1 qol vurub.
Qeyd edək ki, Dobrovolski Estoniyadakı turnirə ölkəmizdə çıxış edən moldovalı futbolçulardan Aleksey Savinov (“Bakı) və Sergey Laşenkovu (“Olimpik”) dəvət edib.


0