Gürcüstan “Birlik kuboku” turnirindən imtina etdi
13.11.2008 - 10:50
Gürcüstan “Birlik kuboku” turnirindən imtina etdi
Bakı. Mehman Süleymanov – APA-Sport. Bakının “İnter” klubunun ilk dəfə çıxış edəcəyi “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində “yarpaq tökümü” davam edir. “APA-Sport”un məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan BATE (Belarus) klubunun ardınca, Tiflis “Dinamo”su da turnirə qatılmaqdan imtina edib. Son Gürcüstan çempionunu əvəzləyəcək komanda da artıq bəllidir. Bu, müsabiqədən kənar çıxış edəcək Rusiyanın gənclər yığmasıdır. Turnirin ənənəvi iştirakçılarından olan bu komanda Serbiya təmsilçisi dəvət edildikdən sonra kənarda qalmışdı. Təşkilatçılar iştirakçılar arasında yenidən serblərin olmasına qərar verib. Ötən il “Xəzər-Lənkəran”ın qalibi olduğu turnirdə Serbiyanı OFK klubu təmsil etmişdi ki, bu komanda heç də çempion deyildi. Son ölkə çempionu “Partizan” Moskvadakı turnirə qatılmağa razılıq verəcəyi halda, Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı “İnter”in potensial rəqiblərindən biri olacaq. Əks təqdirdə, Serbiyanın vitse-çempionu, milli komandamızın hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Srvena Zvezda” klubu Rusiyaya gələ bilər. Subaşiç iki il öncə “Neftçi”nin heyətində turnirin qalibi olub.
Qeyd edək ki, bir illik fasilədən sonra yenidən Moskvaya keçiriləcək turnir gələn ilin yanvarın 16-dan 26-dək baş tutacaq.


0