Albaniya yığması Bakıya kapitansız gəlir
13.11.2008 - 10:59
Albaniya yığması Bakıya kapitansız gəlir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Noyabrın 19-da Bakıda Azərbaycanla qarşılaşacaq Albaniya yığmasının heyətində dəyişiklik edilib. “APA-Sport”un məlumatına görə, yoldaşlıq görüşünə 20 futbolçu gətirmək istəyən holland baş məşqçi Ari Haan iki oyunçusunun xidmətindən məhrum olub. O, “Hannover-96”da çıxış edən Altın Lala və Kipr “Anartosis”inin şərəfini qoruyan Aryen Beqayı yeni oyunçularla əvəzləyib. Yığmasının kapitanı olan Lalanın ölkəmizə səfərini əngəlləyən zədə problemidir. Bu iki aparıcı oyunçu ilə yanaşı, yüngül zədəsi olan Ercon Boqdaninin də noyabrın 19-da keçirilən qarşılaşmada iştirakı sual altındadır.
Haan artıq itirdiklərinin əvəzini tapa bilib. Hücumçu olan Boqdanini hələ də heyətdə saxlayan mütəxəssis Beqay və Lalanın əvəzinə “Tirana”nın iki futbolçusunu yığmaya çağırıb. Qapıçı və yarımmüdafiəçinin əvəzinə müdafiəçi Andi Lila və orta sahə oyunçusu Georgi Muzakka heyətə cəlb edilib. Muzakka bir vaxtlar Fransanın PSJ klubunun da şərəfini qoruyub.


0