“Boluspor” Rəşad Sadıqova 300 min dollar verir
13.11.2008 - 13:56
“Boluspor” Rəşad Sadıqova 300 min dollar verir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Rəşadı Sadıqov maraq dairəmizdə qalmaqdadır. Onun Türkiyəyə gəlməsi üçün rəsmi dəvət göndərmişik”. Bu sözləri “APA-Sport”a açıqlamasında Türkiyənin “Boluspor” klubunun futbol şöbəsinin müdiri Osman Gürsoy deyib.

Gürsoy bildirib ki, “Neftçi”nin əsas heyətindən ikinci komandaya göndərilən Sadıqovun baxışdan keçməsinə ehtiyac yoxdur: “Onun potensialına yaxşı bələdik. Oyununu Türkiyə Superliqasında “Kayserispor”un heyətində çıxış edən zaman görmüşük. Baş məşqçimiz də Sadıqovun komandanı müdafiə xəttindəki problemi aradan qaldırmaq baxımından bizə yararlı olacağını düşünür. Bu mənada Rəşadı ciddi sınaqdan keçirmək fikrimiz yoxdur. Yəni, onu baxışa yox, müqavilə məsələlərini müzakirə etməyə çağırırıq”.

Klub rəsmisi son günlər Azərbaycan yığmasının hazırlıq prosesində olan Sadıqovu tezliklə sərəncamında görmək istəyir: “Onun ən qısa zamanda Türkiyəyə gəlməsini istəyirik. Milli komandanızın oktyabrın 19-da Albaniya yığması ilə yoldaşlıq görüşü varsa, futbolçunuza problem yaratmaq fikrində deyilik. Yəni, Sadıqov elə həmin matça qədər yanımıza gəlib, danışıqlar apara bilər. Bundan sonra qayıdıb yığmanın hazırlığına qatılması mümkündür”.

Gürsoyun fikrincə, Azərbaycanda ən yaxşı oyunçular il ərzində təxminən 200-300 min dollar qazanırsa, həmin məbləği Türkiyənin aşağı liqasında da verirlər: “Hər halda, klubumuzun göstərilən məbləği ödəməkdə problemi yoxdur, buna gücümüz çatar. Anlaşmanın detalları danışıqların nəticəsindən asılı olacaq. Qaydalara görə, Rəşad ən yaxşı halda ikinci dövrədən “Boluspor”da çıxış edə bilər. Biz Sadıqovla il yarımlıq müqavilə bağlamaq fikrindəyik”.

Qeyd edək ki, Türkiyə çempionatının birinci liqasında çıxış edən “Boluspor” 18 komanda arasında 9-cu yerdədir və liderdən 8 xal geri qalır.





0