Arda Turan: “Qəbələ” bizim komandadır”
13.11.2008 - 16:54
Arda Turan: “Qəbələ” bizim komandadır”
İstanbul – APA-Sport. Az öncə “Qəbələ” futbol akademiyasının direktoru vəzifəsinə təyin olunmuş türkiyəli mütəxəssis Əli Yavaş Azərbaycana gəlişi ərəfəsində əvvəllər çalışdığı “Qalatasaray” klubunun bazasına gedərək yetişdirdiyi futbolçularla görüşüb.

“APA-Sport”un məlumata görə, Yavaş yetişdirdiyi gənc futbol ulduzları – “Qalatasaray”da və Türkiyə milli komandasında oynayan Arda Turan, Səbri Sarıoğlu və Aydın Yılmazla vidalaşıb. O, jurnalistlərə açıqlamasında Azərbaycanın “Qəbələ” klubu ilə 5 illik müqavilə imzaladığını bildirib: “Kiçik bir qrupla oraya gedirəm. “Qalatasaray”da nə etmişiksə, orada da eyni işləri həyata keçirəcəyik. Azərbaycan gənclərini yetişdirib, Azərbaycan futboluna təqdim edəcəyik”.

Yavaş Türkiyədəki bir çox klubdan təklif aldığını, ölkənin bütün yaş qrupları üzrə milli komandaların baş direktoru Fateh Terimin də ona gənc milli komandanı çalışdırmağı təklif etdiyini söyləyib: “Ancaq Terimə Azərbaycanda həyata keçirəcəyim layihə haqda məlumat verdim. O da beynəlxalq miqyasda çalışmağın ciddi müvəffəqiyyət olacağını söylədi. “Qalatasaray”dan sadəcə, fiziki olaraq ayrılıram. Mən “Qalatasaray”lıyam”.

Arda Turan isə Əli Yavaşa göstərdiyi xidmətlərə görə təşəkkür edib: “Bizə futboldan əvvəl insanlığı öyrətdi. İnşallah, biz də bundan sonra onu utandırmarıq. Ona yeni komandasında uğurlar arzulayıram. Artıq ora bizim ikinci komandamızdır. Bir övladı olaraq hər zaman onun yanındayıq”.




Səbri Sarıoğlu da bu səviyyəyə gəlməsində ən ciddi rolu olan şəxsin məhz Əli Yavaş olduğunu deyib: “O, “Qalatasaray”a bir çox istedadlı futbolçu yetişdirib. İnşallah, Azərbaycan futbolu üçün də belə istedadlı oyunçular yetişdirər. “Qalatasaray”da, Türkiyədə bu sahədə həyata keçirdiyi inqilabı Azərbaycanda da edəcəyinə inanıram”.

Aydın Yılmaz da Əli Yavaşın Azərbaycanda uğurla çalışacağına inandığını vurğulayıb.

Qeyd edək ki, uzun illər ”Qalatasaray”ın heyətində futbol oynayan Ə. Yavaş daha sonra klubda menecer, 2002-ci ildə isə gənc futbolçuların yetişdirilməsinə məsul şəxs vəzifəsinə gətirilib. Onun dövründə “Qalatasaray”ın uşaq, yeniyetmə və gənclərdən ibarət komandaları dəfələrlə Türkiyə çempionu olub. Ə. Yavaş “Qalatasaray” klubunun rəsmi üzvüdür.









0