Yığmamız “Bakı” klubu ilə qarşılaşacaq
13.11.2008 - 18:06
Yığmamız “Bakı” klubu ilə qarşılaşacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) gələn həftədən etibarən təlim-məşq toplanışına başlayacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən “APA-Sport”a verilən məlumata görə, almaniyalı Bernard Lippertin yetirmələri noyabrın 16-da “Neapol” otelində bir araya gələcəklər.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq edəcək U-21 hazırlıq prosesi çərçivəsində yoldaşlıq görüşündə də qüvvəsini sınayacaq. Yığmanın noyabrın 18-də saat 15:00-da “Bakı” klubu ilə oyunu nəzərdə tutulub.

Qeyd edək ki, milli komandanın futbolçuları son iki ayda nə rəsmi, nə də qeyri-rəsmi matçda oynayıblar. U-21-in üzvləri axırıncı dəfə sentyabrın 10-da Avropa çempionatının seçmə qrup mərhələsində Albaniyada səfərdə olublar (0:0).


0