“Azərbaycanla görüşdə nəticəyə oynayacağıq” - MÜSAHİBƏ
13.11.2008 - 18:41
“Azərbaycanla görüşdə nəticəyə oynayacağıq” - MÜSAHİBƏ
Bakı. Mehman Süleymanov - APA-Sport. Noyabrın 19-da Bakıda Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək Albaniya milli komandasının yarımmüdafiəçisi Debatik Kurrinin “APA-Sport”a müsahibəsi

- Cari seçmə mərhələdə hər dörd oyunda əsas heyətdə meydana çıxmısınız. Albaniya yığmasının aparıcı futbolçularından biri kimi, Azərbaycanla qarşıdakı oyun haqda fikirlərini bilmək maraqlı olardı...
- Hesab edirəm ki, Bakıdakı görüş bizim üçün faydalı olacaq. Çünki seçmə mərhələdə qarşıda Malta ilə oyunumuz var. Gələn ilin fevralına təsadüf edən bu matçı rəqib meydanında keçirəcəyimizi nəzərə alsaq, Azərbaycanla görüşün xeyrini görəcəyik. Hesab edirəm ki, yığmanız heç də pis rəqib deyil və bu komandayla qüvvəmizi sınamaq yerinə düşər.

- Albaniya və Azərbaycan yığmaları indiyədək üç dəfə yoldaşlıq görüşü çərçivəsində qarşılaşıb. Milli komandamız yadınızda necə qalıb?
- Düzdür, indiyədək yığmanızla görüşsək də, mən bu oyunlarda iştirak etməmişəm. Azərbaycana qarşı ilk dəfə oynayacağam və buna görə də Bakıdakı görüş mənim üçün maraqlı olacaq.

- Azərbaycan milli komandasının oyununu nə vaxtsa görmüsünüzmü?
- Yığmanızı heç vaxt görməmişəm. Futbolçularınızdan da heç birini tanımıram. Futbolunuz haqda məlumatım yalnız eşitdiklərimdən ibarətdir. Bildiyimə görə, milli komandamız hər üç oyunda Azərbaycanı məğlub edib. “Neftçi”, “Standard” klubları haqda eşitmişəm. Eşitdiyimə görə, bu komandalar güclüdür və yaxşı çıxış edirlər. Bundan əlavə, keçmiş komanda yoldaşım, dostluq etdiyim Vladimir Olefirin hazırda Azərbaycanda çıxış etdiyini bilirəm.

- Olefir hazırda “Neftçi”nin şərəfini qoruyur. İndi “Vorskla”da bir yerdə oynadığın Sergey Kravçenko da vaxtilə ölkəmizdə, “Qarabağ” klubunda çıxış edib...
- Kravçenko bizim kluba yeni gələndə, Azərbaycanda oynadığı haqda demişdi. O, futbolunuz haqda müsbət fikirdədir. Futbolçularınızın güclü, texnikalı olduğunu qeyd edib.

- Azərbaycanda çıxış etmiş həmyerlilərin Çöri İlir, Suad Lici, Alban Draquşanı tanıyırsınızmı?
- Bəli. Draquşa ilə Albaniyada bir klubda oynadığımızdan, onu daha yaxından tanıyıram. O, yaxın dostumdur və Azərbaycanda çıxış etməyin yaxşı olduğunu, futbolunuzun inkişaf etdiyini, diqqətin artırıldığını, səviyyəli klublarınızın olduğunu deyib.

- Yəqin ki, məşhur Berti Foqtsun Azərbaycan yığmasında çalışmasından xəbəriniz var. Həm məşqçi, həm də meydan amilini nəzərə alsaq, noyabrın 19-da baş tutacaq oyunda favorit Azərbaycan yığmasıdır. Bununla razısınız?
- Sözsüz ki, milli komandanızı yüksək səviyyəli mütəxəssis çalışdırır. Amma kimin güclü olduğunu oyun göstərəcək.

- Sizin üçün Bakıda nəticə vacibdir?
- Bu, bizim üçün sadəcə, bir yoldaşlıq görüşüdür. Ciddi sınaqlarımız qarşıda, dünya çempionatının seçmə mərhələ oyunları olacaq. Yoldaşlıq görüşü daha çox futbolçuları, xüsusilə də yeni oyunçuları yoxlamaq baxımından vacibdir. Hər halda, biz Azərbaycanla görüşdə nəticəyə oynayacağıq. Bu, birmənalıdır. Yəqin ki, bazar ertəsi Bakıya gələndə yığmanız haqda əlavə məlumat toplayacağıq. Ola bilsin ki, milli komandanızın oyunu olan videokaseti də izlədik.

- Albaniya yığması son rəsmi oyunda səfərdə Portuqaliya ilə qolsuz heç-heçə etməklə, Avropada sensasiyaya imza atdı. Yəqin ki, bundan sonra Azərbaycana yaxşı əhval-ruhiyyə ilə gələcəksiniz...
- Sözsüz ki, belədir. Ölkənizə qələbə əzmi ilə gələcəyik. Biz Bakıda yaxşı oyun göstərib, qalib gəlməyə çalışacağıq. Bunun üçün motivasiyamız var. Bakıdakı oyunun baxımlı alınacağını gözləyirik. Əlbəttə ki, 3-4 yeni futbolçumuz da var və Azərbaycanla yoldaşlıq görüşü onlara özlərini göstərmək üçün bir imkandır. Holland baş məşqçimiz Ari Haanın da bu görüşdə yeni taktiki sxemləri sınaqdan çıxarması mümkündür.

- Gələcəkdə karyeranızı Azərbaycanda davam etdirmək istərdinizmi?
- Hazırda Ukraynada çıxışımdan razıyam. Artıq 4 ildir “Vorskla”da çıxış edirəm. Dünən də ölkə kubokunun yarımfinalına vəsiqə qazandıq. Ancaq gələcəyin işini bilmək olmaz. Bəlkə nə vaxtsa Azərbaycanda da oynadım.
0