“Top festivalı” başa çatdı YENİLƏNİB
14.11.2008 - 15:35
“Top festivalı” başa çatdı YENİLƏNİB
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün Lənkəranda AFFA-nın təşkil etdiyi növbəti “Top festivalı” keçirilib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyevin “APA-Sport”a verdiyi məlumata görə, sayca 3-cü dəfə keçirilən festivalda 320 uşaq iştirak edib. Bunlardan ən balacasının 6, ən böyüyün isə 14 yaşı olub.

“Top festivalı”nın açılış mərasiminə AFFA rəsmiləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, futbol mütəxəssisləri, eləcə də azarkeşlər qatılıblar. Tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, “Top festivalı” ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanmış “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarına uyğun həyata keçirilir: “Əsas məqsəd istedadlı uşaqları üzə çıxarmaq, uşaq futbolunu inkişaf etdirmək və bu idman növünün kütləviliyinə nail olmaqdır”.

Daha sonra Lənkəran şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov nitq söyləyib. O, belə tədbirlərin təşkili, rayonda əsl futbol ab-havası yaratdığı üçün AFFA rəhbərliyinə minnətdarlığını bildirib. Ardından uşaqlar top çiləmək üzrə bacarıqlarını nümayiş etdirməyə başlayıblar.

Festivalın münsiflər heyətində baş katib Elxan Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyalarının prezidenti, “Şöhrət” ordenli İsgəndər Cavadov, əməkdar məşqçi, bədən tərbiyəsi və idman xadimi Siyavuş İbrahimov, beynəlxalq dərəcəli hakim Rüstəm Rəhimov, həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Vüsal Cəfərov yer alıb. Yarışda qaydalara beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev nəzarət edib.

“Top festivalı”nın qalibi adını Elçin Qasımov qazanıb. İkinci yerə Şahin Hüseynli, növbəti pilləyə isə Emil Əhmədli layiq görülüb. Qaliblər AFFA və “HYUNDAI AUTO AZERBAIJAN” şirkəti tərəfindən mükafatlandırılıblar. Uşaqlara hədiyyələri baş katib Elxan Məmmədov və “HYUNDAI AUTO AZERBAIJAN”ın nümayəndəsi Könül Kərimova təqdim ediblər.

Qeyd edək ki, ilk dəfə “Top festivalı” 2007-ci il dekabrın 16-da Bakıda, ikinci dəfə isə bu il aprelin 12-də Gəncədə keçirilib.
0