Muzika “Muğan”ın təklifinə güldü
14.11.2008 - 13:05
Muzika “Muğan”ın təklifinə güldü
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Muğan”ın təklifini qəbul etmək fikrim yoxdur. Onlar mənimlə əlaqə saxlasalar da, təklif etdikləri şərtlər çox aşağı idi. Hətta bunu eşidəndə gülməyim gəldi”. Bu sözləri “APA-Sport”a açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Yuri Muzika deyib.

Ölkəmizə üçüncü dəfə gəlməsini o qədər də real saymayan 28 yaşlı yarımmüdafiəçi artıq özünə yeni klub tapıb: “Olimpik”i tərk edəndən sonra bir sıra kifayət qədər normal komandaların düşərgəsində olsam da, onlarla danışıqlar alınmadı. Çox güman ki, karyeramı doğulub boya-başa çatdığım Kalininqrad şəhərini Rusiyanın birinci divizionunda təmsil edən “Baltika”da davam etdirəcəyəm. Bu komandanın yaxınlarda başlayacaq təlim-məşq toplanışına qatılacağam. Düzdür, Azərbaycanda oynamaq istəyim böyükdür. Lakin real bir təklif yoxdur”.

Muzika Rusiyanın birinci divizionunda iddialı komandalardan olan “Baltika”da özünü yenidən göstərmək istəyir. Azərbaycan yığması üçün milliləşən yarımmüdafiəçi yenidən bu komandada çıxış etmək arzusundadır: “Yenidən Azərbaycan milli komandasının formasını geyinmək istərdim. Rusiya yığmasına qarşı oyunda iştirak etmək mənim arzumdur. Hər halda, Rusiya mənim vətənimdir. “Baltika”nın oyunçusu olsam, yığmaya çağırılacağımı dəqiqi deyə bilmərəm”.
0