“Xəzər-Lənkəran”dan qələbə mesajları
14.11.2008 - 14:00
“Xəzər-Lənkəran”dan qələbə mesajları
Bakı. Mehman Süleymanov - APA-Sport. “Rəqibimiz son oyunlarında uğursuz nəticə ilə üzləşsə də, kifayət qədər yaxşı komandadır. Bununla belə, Qəbələyə qələbə dalınca gəlmişik”. “APA-Sport”un məlumatına görə, “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Rasim Kara deyib. Azərbaycan Premyer Liqasının qarşıdakı turu çərçivəsində “Qəbələ” ilə sabahkı oyunla bağlı klubunun rəsmi saytına açıqlama verən 58 yaşlı türkiyəli mütəxəssis ruh düşkünlüyündə olmadıqlarını söyləyib: “Futbolçularımızın əhvalının yaxşı olması sevindirici haldır. Hamı yalnız qələbə haqda düşünür. “İnter” stressini üzərimizdən atmışıq. Ötən uğursuzluğu tamamilə unudub, yolumuza davam etmək üçün sabah qalib gəlməliyik”.

Heyətdə itkilərə toxunan Kara iki aparıcı müdafiəçisinin xidmətindən məhrum qalıb. Onun sözlərinə görə, kapitan Emin Quliyev xəstə, son turda “İnter”ə qol vuran braziliyalı legioner Denis Silva isə zədəli olduğundan “Qəbələ”yə qarşı oynamayacaq. Bu gün səhər Qəbələyə yollanan “Xəzər-Lənkəran” son məşqini oyun keçirilən stadionda keçirəcək.

Qeyd edək ki, liderliyi əldən verən “Xəzər-Lənkəran” son iki turda qələbə üzünə həsrət qalıb


0