Açacağam sandığı, tökəcəyəm pambığı!
14.11.2008 - 14:09
Açacağam sandığı, tökəcəyəm pambığı!
Bakı. Mehman Süleymanov - APA-Sport. “Mənim üçün “İnter”lə görüşün xüsusi prinsipiallığı yoxdur. Həmişə olduğu kimi, sabiq komandamla oyuna da ciddi hazırlaşıram”. Bunu “APA-Sport”a açıqlamasında Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Emin İmaməliyev deyib.

28 yaşlı futbolçu son iki ildə çıxış etdiyi “İnter”də həm kapitan, həm də çempion olub. O, ilk tur ərəfəsində gözlənilmədən tərk etdiyi keçmiş klubunda əsas dəyişikliyi legionerlərin çoxluğu ilə əlaqələndirib: “Bu komandada hər oyunda meydana 10 legioner çıxır. Yerli futbolçulardan əsas heyətdə yer alan yalnız Samir Abbasovdur. Halbuki, Samirlə yanaşı, milli komandamızın digər futbolçuları - Mahmud Qurbanov, Elvin Məmmədov, Cavid Hüseynov də “İnter”dədir. Onlara yığma üzvü kimi, oyun praktikası vacib olduğu halda, ehtiyatda qalırlar. Elvinlə Cavid gənc olsalar da, yaxşı futbolçulardır. Mahmud isə təcrübəsi ilə komandaya xeyir verə bilər”.

İmaməliyevin sözlərinə görə, “İnter”dən gedişi daha çox ehtiyatda qalması ilə bağlı olmayıb: “Bunun başqa səbəbi var. Vaxtı gələndə hər şeyi açıqlayacağam. Necə deyərlər, hər şeyin öz zamanı var”.

Sabahkı oyuna gəlincə, Emin bildirib ki, qələbə daha çox “Qarabağ”a lazımdır: “Qarşımızda ən azı mükafatçılar sırasına, UEFA kubokuna düşmək vəzifəsi qoyulduğu üçün bu görüşə qələbə əzmi ilə çıxacağıq. Artıq 1-ci pilləyə yüksələn “İnter” həm “Xəzər-Lənkəran”ı, həm də “Neftçi”ni məğlub etdi. Təbii ki, keçmiş komandama da qələbə lazımdır və bu mənada bizi uduzmayan liderlə çətin sınaq gözləyir. “İnter”lə “Qarabağ”ın görüşündə həmişə olduğu kimi, maraqlı oyun gözləyirəm”.
0