“Molodes” sənə, Məmmədov!
14.11.2008 - 18:27
“Molodes” sənə, Məmmədov!
Bakı. APA-Sport. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov noyabrın 19-da keçiriləcək Azərbaycan - Albaniya görüşünün hakim-inspektoru olmalı idi. Amma bu qərar Məmmədovun istəyilə dəyişdirilib.

Belə ki, az öncə “APA-Sport” Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovun qarşılaşmaya AFFA nümayəndəsi kimi göndəriləcəyini, oyununu idarə edəcək hakimlər briqadasında həmyerlimiz Əfqan Həmzəyevin ehtiyat hakim olacağını yazmışdı.

Amma AFFA-nın divarları arasında gizlədilən bu məlumatın “APA-Sport”da peyda olması Məmmədovun heç xoşuna gəlməyib. Məhdud sayda adamın bildiyi informasiyanın düzgün şəkildə, amma erkən yayılmasının nəticəsi olaraq, Hakimlər Komitəsi sədri redaksiyamıza zəng vuraraq, məlumatın haradan alındığını öyrənməyə çalışdı: “Sizdən xahiş edirəm, bu informasiyanı haradan almısınız. Əgər həmin şəxsin adını mənə söyləsəniz, yazdığınız xəbər səhv olmayacaq, yəni bu təyinatlarla bağlı dəyişiklik edilməyəcək”.

Təbii ki, səhv məlumat verən mənbə Məmmədovun nəyinə lazım idi? O, dəqiq informasiyanın haradan ötürülməsini öyrənmək istəyirdi. Buna nail olmayınca, xəbərimizi səhv çıxarmaq üçün dəyişiklik etməyə məcbur oldu. Belə olan halda, təbii ki, Məmmədov Hakim-İnspektorlar Komitəsinin təyin etdiyi Cabbarovla bağlı dəyişiklik edə bilməzdi. Hakimi dəyişmək onun səlahiyyətində olduğundan, bunu qısa zaman kəsiyində reallaşdırdı. Hakim-inspektoru dəyişmək Məmmədovun işi olmasa da, o özü aldığı təyinatdan imtina edə bilərdi. Belə də oldu. “Molodes” sənə, Məmmədov!

Məmmədovun dəyişdiyi qərara gəlincə, Asim Xudiyev hakim-inspektor, Elçin Səmədli isə dördüncü hakim olacaq. Görüşün baş hakimi olacaq gürcüstanlı FİFA referisi Laşa Silaqavaya isə həmyerliləri Zurab Jvaridze və Quram Çiqoqidze yardım edəcək.



0