Mahmud Qurbanov yığmadan uzaqlaşdırıldı
14.11.2008 - 16:31
Mahmud Qurbanov yığmadan uzaqlaşdırıldı
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığmasının Albaniya ilə noyabrın 19-da baş tutacaq görüş üçün heyəti açıqlanıb. “APA-Sport”un məlumatına görə, Berti Foqts milli komandamızın baş məşqçisi kimi Bakıda keçirəcəyi ilk yoxlama matçına 22 futbolçu dəvət edib. Noyabrın 10-dan 14-dək dörd günlük təlim-məşq toplanışına 31 futbolçu çağıran alman mütəxəssis həmin siyahıdan 11 oyunçu çıxarıb və 2-ni əlavə edib.

Heyətdən kənarlaşdırılanlar qapıçı Anar Nəzirov (“Neftçi”), Osman Umarov (“Qarabağ”), müdafiəçilər Emin Cəfərquliyev, Rail Məlikov (hər ikisi “Neftçi”), Nodar Məmmədov, Zahid Quliyev (hər ikisi MOİK), yarımmüdafiəçilər Mahmud Qurbanov (“İnter”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Novruz Məmmədov (“Muğan”) Fabio Luis Ramim (“Bakı”) və hücumçu Eşqin Quliyevdir (“Neftçi”).

Mahmud ilk dəfə Foqtsun dönəmində yığmaya çağırılmayıb. Məlikovla Ramimdə isə zədə problemi var. Millinin debütantları Tural Cəlilovla Mixail Zaytsevdir. Milli komandadan kənarlaşdırılanlardan bir neçəsi olimpiya yığmamızın noyabrın 16-dan 18-dək keçirəcəyi təlim-məşq toplanışına cəlb olunacaq. Foqtsun Albaniya ilə oyuna müdafiəçi Saşa Yunisoğlu və serb hücumçu Branimir Subaşiçi çağırması diqqət çəkir.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Rauf Mehdiyev (“Olimpik”), Kamran Ağayev (“Xəzər-Lənkəran”)

Müdafiəçilər: Rəşad Sadıqov (“Neftçi”), Mahir Şükürov, Aqil Nəbiyev, Usim Nduka (hamısı “Olimpik”), Samir Abbasov (“İnter”), Sağa Yunisoğlu (“Poloniya”, Polşa)

Yarımmüdafiəçilər: Elvin Məmmədov, Cavid Hüseynov (hər ikisi “İnter”), Elmar Baxşıyev, Araz Abdullayev, Aleksandr Çertoqanov (hamısı “Neftçi”), Zeynal Zeynalov (“Muğan”), Tural Cəlilov (“Simurq”), Anatoli Ponomaryov (“Degerfors”, İsveç), Mixail Zaytsev (“Dağ Diesel”, Rusiya),

Hücumçular: Vaqif Cavadov (“Qarabağ”), Vüqar Nadirov (“Karvan”), Leandro Qomeş (“Olimpik”), Branimir Subaşiç (“Srvena Zvezda”, Serbiya)
0