“Bakıya uduzmağa yox, reytinqimizi qaldırmağa gəlirik” - MÜSAHİBƏ
15.11.2008 - 13:18
“Bakıya uduzmağa yox, reytinqimizi qaldırmağa gəlirik” - MÜSAHİBƏ
Bakı. Mehman Süleymanov - APA-Sport. Noyabrın 19-da Azərbaycanla yoldaşlıq görüşünə çağırılan Albaniya milli komandasının 26 yaşlı yarımmüdafiəçisi Armend Dallkunun “APA-Sport”a müsahibəsi

- Azərbaycanla oyun öncəsi əhval-ruhiyyəniz necədir?
- Klubda işlərim yaxşı gedir. Son illərdə şərəfini qoruduğum “Vorskla”nın heyətində Ukrayna kubokunun yarımfinalına yüksəlmişik. Həftəsonu çempionat oyunundan sonra ölkənizə gələcəyik. Hesab edirəm ki, Azərbaycanla Albaniya yığmaları arasında maraqlı görüş olacaq. Azarkeşlərin baxımlı oyun izləyəcəyini düşünürəm. Çünki bu, rəsmi yox, yalnız yoldaşlıq görüşüdür. Deməli, meydana çıxan futbolçularda psixoloji gərginlik olmayacaq və hamı bacarığını göstərməyə çalışacaq.

- Albaniya Azərbaycanla indiyədək keçirdiyi hər üç oyunda meydandan qələbə ilə ayrılıb. Həmin matçlardan fərqli, bu dəfə səfərdə çıxış edəcəksiniz. Necə hesab edirsiniz, bu dəfə də qələbə qazana biləcəksinizmi?
- Həmin oyunları xatırlayıram. Səhv etmirəmsə, ilk iki oyunda 1:0, digərində 2:1 hesablı qələbə qazanmışıq. Bu, Azərbaycan yığmasına qarşı üçüncü oyunum olacaq. Kimin güclü olduğunu 90 dəqiqəlik mübarizə göstərəcək. Hesab edirəm ki, şanslar bərabərdir.

- Sizin üçün bu görüşdə nəticə önəmlidir?
- Qarşıdakı görüş daha çox baş məşqçilər üçün daha vacibdir. Məsələ ondadır ki, yoldaşlıq matçı yeni futbolçuları, yeni taktiki sxemləri sınaqdan keçirmək üçün bir imkandır. Hər bir çalışdırıcı gələcəyə baxır və komandasının rəsmi oyunlara daha yaxşı hazırlaşdırmaq istəyir.

- Azərbaycanla əvvəlki qarşılaşmalar xatirənizdə necə qalıb?
- Futbolçularınızdan kimisə xatırlamasam da, oyunlarda özlərini heç də pis göstərmirlər. Hər halda, həmin matçlarda meydanda bərabər səviyyəli oyun getmişdi. Hətta son oyunda yığmanız hesabda irəlidə idi, sonradan vurduğumuz iki qolla əzmkar qələbə qazandıq. Futbol belədir ki, kim daha şanslıdırsa, o da qalib gəlir. Deməli, həmin vaxt biz güclü idik. Azərbaycan yığması bizimlə oyunda əzmkarlıq göstərir, meydanın hər qarışı uğrunda mübarizə aparırdı. Ola bilsin ki, ustalıq səviyyəsi yetərincə olmayıb.

- Azərbaycan klublarından tanıdığınız varmı?
- Futbolunuz haqda ölkənizdə yaşayan bir tanışımdan məlumat almışam. “Neftçi” və “İnter” haqda eşitmişəm. Bildiyimə görə, onlar güclü klublardır. Futbolunuzun inkişaf yoluna qədəm qoyduğunu, bu idman növünə böyük diqqət, qayğı göstərildiyindən xəbərdaram. Bunun gələcəkdə öz bəhrəsini verəcəyinə inanıram. Yığmamızda ölkə daxilində bir sıra gənc futbolçular yer alıb. Azərbaycanla oyun onlar üçün özlərini göstərmək baxımından gözəl fürsətdir. Yəni, həmyerlilərimiz yaxşı oynamaqla, klublarınızın diqqətini cəlb edə bilər. Albaniya çempionatını Azərbaycana dəyişmək onların xeyrinə olardı.

- Bəs siz Ukraynanı Azərbaycana dəyişməyə hazırsınızmı?
- Hələlik bu haqda düşünmürəm. Ukraynada çıxışım yaxşı alınır. Ancaq gələcəyi bilmək olmaz, bəlkə də nə vaxtsa ölkənizdə çıxış etdim.

- Həm Azərbaycan, həm də Albaniya yığmasının baş məşqçisi əcnəbidir. Bu görüş alman-holland məşqçilik məktəbinin rəqabəti kimi dəyərləndirilə bilərmi?
- Bu amil də oyuna olan marağı artırır. Əvvəlki görüşlər zamanı yığmalarımız təxminən bərabər səviyyəli idi. Ancaq son vaxtlar yığmamız güclənib və daha yaxşı çıxış edir. Burda holland baş məşqçi Ari Haanın rolu böyükdür. Milli komandanıza isə tanınan mütəxəssis Berti Foqtsun gətirilməsi haqda məlumatım var. Futbol qurumunuzun bu addımı alqışalayiqdir. Yığmanın səviyyəsinin qaldırılmasında əcnəbi mütəxəssisin rolu böyükdür. Azərbaycanın Albaniyadan bir sıra üstünlükləri var ki, ölkəniz bizdən həm zəngin, həm də ərazisinə görə böyükdür. Sizdə şərait daha yaxşı olduğundan, futbolunuzu inkişaf etdirməyə geniş imkanlar var. Futbolçularınıza məsləhət görərdim ki, ölkədən kənara çıxsınlar. Çünki milli komandanın inkişafı üçün futbolçuların güclü klubda, səviyyəsi yüksək olan çempionatda çıxış etməsi vacibdir.

- Axırıncı oyununuz səfərdə Portuqaliya yığmasına qarşı olub. Həmin qolsuz heç-heçə bitən görüşdən sonra Bakıda uduzsanız, bunu faciə kimi qəbul edəcəksiniz?
- Yox. Bu, sadəcə, bir yoldaşlıq görüşüdür. Yığmanız öz meydanında, doğma azarkeşlər qarşısında oynayacaq ki, bu da sizin xeyrinizədir. Ancaq biz Bakıya uduzmağa gəlmirik.

- Azərbaycanla yoldaşlıq görüşü ərəfəsində yığmanızın baş məşqçisi 60 illik yubileyini qeyd edəcək...
- Hə, bu yubileydən xəbərimiz var. Azərbaycan üzərindəki qələbə çalışdırıcının ad günü üçün yaxşı hədiyyə olardı. Millinizə yenə qalib gəlmək üçün bütün bacarığımızı meydanda qoyacağıq. Komandanızı məğlub edib, FİFA reytinqində irəliləmək istəyirik.


0