Fuad Musayev: “Foqts iradlarında haqlıdır”
17.11.2008 - 10:35
Fuad Musayev: “Foqts iradlarında haqlıdır”
Bakı – APA-Sport. “Klublarımız əsasən legionerləri oynatmağa üstünlük verirlər. Yerli oyunçuları daha çox oynatmaq lazımdır ki, futbolumuza faydası olsun”. “APA-Sport”un məlumatına görə, bunu АFFA-nın keçmiş prezidenti Fuad Musayev deyib. Milli komandanı düşünməyin vacibliyini bildirən Musayevin fikrincə, hətta bəzi klublar yığmanın üzvlərini belə oynatmırlar və bunun futbolumuza mənfi təsirləri olur. AFFA-nın keçmiş rəhbəri milli komandanın baş məşqçisi Berti Foqtsu dəstəklədiyini dilə gətirib: “Foqts klubların oyunlarda daha çox legionerlərdən istifadə etməsindən, yığma üzvlərinin fiziki durumunun aşağı olmasından şikayətlənib. Alman məşqçi iradlarında tamamilə haqlıdır. Onu dəstəkləyirəm”. F.Musayev indiki futbolçuların əksəriyyətinin özlərini intizamsız aparmasından gileylənib: “Bu, onlara başucalığı gətirmir. Əksinə, gözdən salır. Futbolçular intizamlı olmağa xüsüsi diqqət yetirməlidirlər”.

Mənbə: qol.az








0