“Azərbaycan futbolunda qara qüvvələrdən istifadə edən klublar çoxdur”
17.11.2008 - 11:52
“Azərbaycan futbolunda qara qüvvələrdən istifadə edən klublar çoxdur”
Bakı - APA-Sport. “İndi çox qəribə zəmanədir. İçki içənə, çirkin işlərlə məşğul olan insanlara din adamlarından daha çox hörmət edirlər. Məni yaxından tanıyan adamlar necə həyat tərzi keçirdiyimi bilirlər. Heç bir dini qruplaşma tanımıram, tanımaq da istəmirəm”. “APA-Sport”un məlumatına görə, bu sözləri Azərbaycan futbol yığmasının kapitanı, “Neftçi”nin müdafiəçisi Rəşad Sadıqov deyib.

Ötən ay rəhbərliklə mübahisə ucbatından flaqmanın əsas heyətindən əvəzedici komandaya göndərilən 26 yaşlı futbolçu qərəzli münasibətlə qarşılaşdığını bildirib: “2006-cı ildə “Kayserispor”dan “Neftçi”yə qayıtmağım bir çoxlarına pis təsir etdi. Hətta mənə qərəzli münasibət göstərməyə başladılar. Bəlkə də paxıllığımı çəkirlər və ya başqa səbəb var. Ancaq anlayıram ki, məni istəməyənlər pis insanlardır”. Sadıqov yenidən legioner həyatı yaşamaq istəyir. Futbolçu “Neftçi”dən transfer vərəqini alan kimi, Türkiyənin ikinci liqasında mübarizə aparan “Boluspor”la anlaşmağı nəzərdə tutub.

“Azərbaycan futbolunda qara qüvvələrdən istifadə edən klublar çoxdur”. Bunu da Rəşad söyləyib. O, tez-tez zədələnməsinin həqiqətən də şər qüvvələr, cadu ilə bağlı olduğunu vurğulayıb: “Hər bir insan, o cümlədən futbolçu, jurnalist çətin vəziyyətə düşəndə emosiyalara qapılır. Və o anda elə söz deyə bilər ki, həqiqət olmasa da, həqiqəti onda axtarsın. Bəli, mən elə demişdim. Çünki həqiqətən də Azərbaycan futbolunda qara qüvvələr var. “Neftçi”də isə belə çirkin əməllərə əl atmırlar. Fikir verin: qapımıza bir zərbə vururlar, o da qol olur. Biz isə on zərbə endiririk, biri də qol olmur”.

Təcrübəli müdafiəçi milli komandanın sabiq baş məşqçisi Şahin Diniyevlə aralarında baş verən “soyuq müharibə”dən geniş danışmaq istəməyib: “Bu, mənim üçün artıq bağlanmış səhifədir. Aramızda nəyin baş verdiyini Diniyev özü də bilmir. Bu gün mənim haqqımda gəzən söz-söhbətlərin başlayıcısı elə Şahin Diniyev olub. Bizdə mənfi xəbərlər tez yayılır, insanlar sensasiya axtarırlar. Diniyev də belə söhbətlərin banisi oldu. Bütün bunlar mənə böyük bir zərbə vurdu. Onun heç vaxt halallığını verməyəcəyəm. Gərək, Diniyev mənimlə söhbətləşib, hər şeyi dəqiqləşdirəydi”.

Qeyd edək ki, 2006-cı il avqustun 15-də səfərdə Ukrayna ilə yoldaşlıq görüşündə 0:6 hesablı məğlubiyyətin ardından yığmamızın o vaxtkı baş məşqçisi Şahin Diniyev Sadıqovu milli komandadan uzaqlaşdırıb. Rəşad yalnız 15 aylıq fasilədən sonra – 2007-ci il noyabrın 17-də, Diniyevi baş məşqçi postunda Qyoko Hacievskinin əvəzləməsi nəticəsində yığmaya çağırılıb.

Mənbə: qol.az


0