Zeynal Məmmədov: “Simurq” çempion olmayacaq”
17.11.2008 - 17:12
Zeynal Məmmədov: “Simurq” çempion olmayacaq”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Zaqataladakı məğlubiyyət bizim üçün bir siqnal oldu. Bu, futbolçulara bütün rəqiblərlə oyuna ciddi yanaşmağın lazım olduğunu göstərdi. İlk dövrədə qalan matçlarımız “Turan” və “Muğan”la olsa da, autsayderlərə yuxarıdan aşağı baxmamalıyıq”. Bu fikirləri “APA-Sport”a açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Onun sözlərinə görə, Premyer Liqanın XI turunda Zaqatalada “Simurq”a məğlubiyyət (1:2) futbolçular üçün yaxşı dərs olacaq: “Günah özümüzdədir. Bu, həm futbolçulara, həm də baş məşqçiyə aiddir. Ancaq məğlubiyyətə kənar amillər də təsir göstərdi. Bu mənada meydanın sintetik örtüyü və hakimliyi qeyd edə bilərəm. Hakimlik haqda çox danışmaq istəmirəm, çünki deyəcəklər bəhanə axtarırlar. Sadəcə, baş hakim Anar Niyazovun meydan sahiblərinə simpatiyası görünürdü”.

Makedoniyalı baş məşqçi Qyoko Hacievskinin işindən razı qaldıqlarını deyən vitse-prezident ilk dövrəni liderlər qrupunda başa vuracaqlarına inanır. O, 5-ci pilləyə düşən “Bakı”nı çempionluq uğrunda mübarizədə hesabdan silməyin düzgün olmadığını vurğulayıb: “Komandanın cari mövsümdə çıxışı bizi 80-85 faiz razı salır. Həmişə udmaq da olmaz. Çempionatda əsas mübarizə adətən ikinci dövrədə olur. Bizi qabaqlayan komandalardan cəmi 2-3 xal geri qalırıq. Onların son iki turda öz aralarındakı oyunlarda xal itkisinin qaçılmaz olduğunu nəzərə alsaq, birinci dövrəni ilk “üçlük”də başa vurmağımız realdır”.

Məmmədov liderliyə yüksəltdikləri “Simurq”la bağlı proqnoz verib: “Bu komanda çempion olmayacaq. Çünki belə oyunla bu, qeyri-mümkündür. “Simurq” bizimlə oyunun ikinci hissəsində 11 nəfərlə müdafiədə “oturdu”. Hacievskinin müdafiəçiləri əvəzləməklə, risk etməsi məni qayğılandırdı. Çünki həmin vaxt hesabda 2:0 irəlidə olan rəqibin bizə 3-4 qol vuracağını düşünürdüm. Ancaq bacarmadılar. Biz isə qolu 10 dəqiqə tez vursaydıq, ən azı bir xalımız vardı”.

Qeyd edək ki, “Bakı” “Simurq”la görüşdə yeganə qolu 90+3-cü dəqiqədə vurub.
0