“Xəzər-Lənkəran” - “Qarabağ”: “qara piar” başlandı!!!
17.11.2008 - 18:53
“Xəzər-Lənkəran” - “Qarabağ”: “qara piar” başlandı!!!
Bakı - APA-Sport. Bu gün idman mətbuatımızda daha bir dezinformasiya yayılıb. Söhbət “Xəzər-Lənkəran” rəhbərliyinin “Beşiktaş”ın sabiq baş məşqçisi Ərtoğrul Sağlama dəvət göndərməsindən gedir. Xəbərdə bildirilir ki, Premyer Liqanın X turunda öz meydanında “İnter”ə 2:4 hesablı məğlubiyyətdən sonra Lənkəran klubunun fəxri prezidenti Mübariz Mənsimov Sağlama baş məşqçi vəzifəsini təklif edib. Hətta bunun müqabilində Mənsimovun türkiyəli çalışdırıcıya 1,5 milyon dollar verməyə hazır olduğu da qeyd olunur.

“Xəzər-Lənkəran”ın vitse-prezidenti Araz Nəsirov “APA-Sport”a açıqlamasında bu xəbəri təkzib edib: “Rasim Karanı Ərtoğrul Sağlamla əvəzləyəcəyimiz barədə fikirlər tam əsassızdır. Ümumiyyətlə, Kara ilə yollarımızı ayırmaq fikrimiz yoxdur. Ona güvənirik. Belə xəbərləri yayanlar klubumuzda ab-havanı pozmaq niyyəti güdür, komanda daxilində olan möhkəm birliyi sarsıtmaq istəyirlər. Ancaq onlar istəklərinə çatmayacaqlar”.

İndi isə sadə məntiqi işə salaq. Azərbaycanın idman mətbuatında son vaxtlar dezinformasiyalar, əsassız xəbərlər ayaq tutub, yeriməyə başlayıb. Qəzet və internet səhifələrini doldurmaq, ucuz sensasiya yaratmaq, ictimaiyyətin diqqətini cəlb etmək üçün bəziləri yatıb yuxuda gördüklərini səhər açılar-açılmaz xalqa sırımağa çalışırlar. Və ya öz fantaziyalarını işə salıb, ağıllarına, ağızlarına gələni sensasion xəbər qismində təqdim edirlər.

Görəsən, Mustafa Dənizli Azərbaycan yığmasına gəlməyə niyə razılaşmadı? Bəs Hasan Şaşın “Qarabağ”la müqavilə bağlamasına nə mane oldu? Bakı Türk Futbol Məktəbinin direktoru Yusuf Uncular Azərbaycandan nə istəyir? Görəsən, “şok” açıqlama verən Uncular dediklərinə özü inanırmı?

Ərtoğrul Sağlamla bağlı yayılan dezinformasiyaya gəlincə, bunun da səbəbini açıqlayaq. Məsələ belədir: noyabrın 23-də “Xəzər-Lənkəran” - “Qarabağ” matçı keçiriləcək. Bu oyunöncəsi “Qarabağ”a yaxın insanlar rəqib komandanın düşərgəsində çaxnaşma, gərginlik yaratmaq fikrinə düşüblər. Özü də mətbuatın gücündən istifadə etməklə. Ancaq həmin adamlar nə qədər cılız iş gördüklərini bəlkə də anlamırlar. Axı 10 gün əvvəl “İnter” rəhbərliyi və ya futbolçuları heç bir qarayaxmadan yararlanmadan səfərdə “Xəzər-Lənkəran”a qalib gəldilər. Əgər “Qarabağ” rəhbərliyi, futbolçuları özlərinə inanırlarsa, güclərini meydanda göstərməlidirlər. Əks təqdirdə, “Qarabağ”lılar məğlubiyyətlə bəri başdan barışmalıdırlar.

“Xəzər-Lənkəran” - “Qarabağ” matçına bir neçə gün qaldığından hər iki klubun rəhbərliyi təbliğat işləri aparmalı, azarkeşlərdə marağı artırmalı, qarşıdakı oyunu əsl futbol bayramına çevirməlidir. Ancaq onlar ucuz reklama getməklə, işlərini bitmiş sayırlar. Ən ağrılı yerimizdən biri də zəif təbliğatla bağlıdır. Bu günlərdə “Xəzər-Lənkəran”ın rəsmi İnternet saytında rast gəldiyimiz xəbər budur: filan komanda ilə oyunun son məşqinə yarım saat qaldı və ya elə bil ki, “Xəzər-Lənkəran” futbolçulara deyil, xakerlərə uduzub. “Qarabağ” haqqında isə qısa, lakonik danışmaq olar: bu komanda belə gəlib, elə belə də gedəcək. Həmişə “Qarabağ” ölkə daxilindəki yarışlarda sürünəcək, avrokuboklarda isə darmadağına məruz qalacaq. Mən buna klub rəsmilərindən birinin moizələrinə qulaq asandan sonra tam əmin olmuşam.

O ki qaldı “Qarabağ”ın keçmiş baş məşqçisi, hazırda “Xəzər-Lənkəran”ı çalışdıran Rasim Karaya, ona qarşı aparılan “qara piar” çoxlarına bəllidir. Mən demirəm ki, Kara əvəzolunmaz məşqçidir və ömrü boyu bizim məmləkətimizdə ortada yeyib, qıraqda gəzməlidir. Onun yaxşı məşqçi olmaması mənə gün kimi aydındır. Sadəcə, Kara ilə şəxsi qərəzi olanlar bunu qəzet, internet səhifələrinə, efirlərə daşımamalıdır. Ən azı bizdən doğru-dürüst xəbər gözləyən azarkeşlərin, futbol məsullarının, futbolçuların, məşqçilərin hisslərini nəzərə almaq lazımdır. Həm də öz xoşbəxtliyini başqasını bədbəxtçiliyin üzərində qurmaq kişi sənəti deyil...
0