Ari Haan: “Mənə Azərbaycanla oyunda da nəticə vacibdir”
17.11.2008 - 19:04
Ari Haan: “Mənə Azərbaycanla oyunda da nəticə vacibdir”
Bakı - APA-Sport. “Mənim üçün nəticə həmişə, o cümlədən Azərbaycanla oyunda da vacibdir. Hətta bəzi oyunçularımızın Bakıya gəlməmələri də məni narahat etmir. Milli komanda üçün ehtiyat oyunçu anlayışı yoxdur. Yığmamızın 30-dan artıq futbolçusu var ki, onlardan hər hansınınsa kənarda qalması təbii haldır”. Bu sözləri “APA-Sport”a açıqlamasında Albaniya yığmasının baş məşqçisi Ari Haan deyib.

Noyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan milli komandası ilə qarşılaşacaq albaniyalıların holland çalışdırıcısı yetirmələrinin qalib gələcəyinə inandığını bildirib: “Azərbaycanla oyun Malta ilə seçmə mərhələ matçına hazırlıq xarakteri daşıyır. Bu isə o deməkdir ki, həmin görüşə təkcə fiziki və taktiki yox, həm də psixoloji cəhətdən hazır olmalıyıq. Bunun üçün isə qələbə qazanmağımız lazımdır. Axı, meydandan qalib ayrılmaq həmişə xoş olur: istər rəsmi oyun olsun, istərsə də yoldaşlıq görüşü”.

Bakı səfəri üzündən 60 illik yubileyini ertələməli olan Haan yığmamızın baş məşqçisi Berti Foqtsla qarşıdurmanın xüsusi önəm kəsb etdiyini etiraf edib. Onun sözlərinə görə, oyun ən azı alman və holland futbol məktəblərinin mübarizəsi baxımından önəm daşıyır: “Almanlar həmişə hollandiyalıların qıcıq mənbəyi olub. Biz daima onlardan yaxşı oynamışıq. Amma uduzduğumuzdan nəticə həmişə bizim üçün üzücü olub. Berti Foqtsla isə dost olmasaq da, tanış sayılırıq. Təbii ki, onunla qarşılaşmaq mənə çox xoşdur. Lakin bizim rəhbərlik etdiyimiz Azərbaycan və Albaniyanın dünya və Avropa çempionatının final mərhələsində üz-üzə gəlməsi daha ürəyimcə olardı”.

Haan Albaniya ilə müqayisədə daha zəif nəticələr göstərən milli komandamıza yuxarıdan aşağı baxmaq niyyətində deyil: “Artıq zəif komanda anlayışı yoxdur. Sadəcə, psixoloji cəhətdən futbolçuları düzgün istiqamətləndirmək lazımdır. Təbii ki, özünü zəif yığmanın oyunçusu sayan oyunçular meydanda məğlub olacaq. Bunu dəyişmək, özünə inam hissi aşılamaq lazımdır. Biz Portuqaliya ilə səfər oyununda bunu bacardıq. Hər bir komanda belə nəticəyə imza ata bilər. Hətta Lixtenşteynin özü də istənilən rəqiblə mübarizə aparmaq gücündədir”.
0