“Nyukasl” və PSV klublarında oynayan futbolçular “Neftçi”də!
18.11.2008 - 11:23
“Nyukasl” və PSV klublarında oynayan futbolçular “Neftçi”də!
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubuna daha 5 futbolçu baxışa gəlib. “APA-Sport”un məlumatına görə, dördqat Azərbaycan çempionu sınaqdan keçirəcəyi 29 yaşlı müdafiəçi Con Tamburas, 26 yaşlı yarımmüdafiəçi Adam Xyuz, 25 yaşlı müdafiəçi Co Kendrik, 24 yaşlı hücumçu Faxruddin Kudozoviç və 26 yaşlı yarımmüdafiəçi Yaşar Takakı artıq Bakıdadır.

Tamburasla Xyuz avstraliyalı, Kendrik irlandiyalı, Kudozoviç bosniyalı, Takak isə türk əslili Hollandiya vətəndaşıdır. Kendriklə Hyuz vaxtilə İngiltərə Premyer Liqasında “Nyukasl”ın şərəfini qoruyub. İlk dörd futbolçu İrlandiya çempionu “Droqheda”da oynayıb. Bu komandanı yayda Çempionlar Liqasında mübarizədən Kiyev “Dinamo”su kənarlaşdırıb. Takaka gəlincə, onun son klubu Hollandiyanın yüksək liqasında çıxış edən “Vitess” olub. O, vaxtilə Hollandiyanın PSV klubunda da çıxış edib.

“Neftçi” menecerlərin təklif etdiyi “Droqheda”nın futbolçularının oyununu izləmək üçün İrlandiyaya səfər etməyi planlaşdırırmış. Ancaq bu ölkədə mövsüm artıq başa çatdığından, komandamız onları Bakıya dəvət etməli olub.

Qeyd edək ki, “Neftçi” hazırda braziliyalı müdafiəçini də sınaqdan keçirir.


0