Foqtsun Bakıda ilk yoldaşlıq sınağı
18.11.2008 - 11:23
Foqtsun Bakıda ilk yoldaşlıq sınağı
Bakı. Mehman Süleymanov - APA-Sport. Sabah Azərbaycan yığması Albaniya ilə yoldaşlıq görüşü keçirəcək. Bu, milli komandamızın 2008-ci ildə Bakıda ilk qeyri-rəsmi matçı olacaq. “APA-Sport”un məlumatına görə, bu il bütün yoldaşlıq görüşlərini səfərdə keçirən yığmamız Andorra və Bəhreyni eyni hesabla (2:1) məğlub edib, Bosniya və Herseqovina və İrana eyni hesabla uduzub (0:1), İslandiya ilə heç-heçə edib (1:1). Bu matçlarda milli komandamızın baş məşqçisi olan Berti Foqts Bakıda ilk yoldaşlıq görüşünə çıxacaq.

62 yaşlı alman mütəxəssis indiyədək doğma azarkeşlər qarşısında bir dəfə imtahan verib. 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 10-da Lixtenşteynlə qolsuz heç-heçə edən Foqts Uels və Finlandiya ilə səfərdə keçirilən oyunlarda 0:1 hesablı məğlubiyyətə üzülüb. Milli komandamızın Foqtsun gəlişinə qədər bu il keçirdiyi ilk iki yoldaşlıq görüşü də səfərdə olub. Makedoniyalı mütəxəssis Qyoko Hacievskinin çalışdırdığı Azərbaycan yığması fevralda Türkiyənin Antalya şəhərində Qazaxıstanla qolsuz heç-heçə edib. Martda Nazim Süleymanovun baş məşqçi əvəzi olduğu milli komandamız Vilnüsdə Litva yığmasına 0:1 hesabı ilə uduzub.

Sabahkı oyun Azərbaycanla Albaniya yığmalarının tarixində 4-cü matçı olacaq. Albanlarla ilk görüşümüz 2000-ci fevralında Maltada keçirilən beynəlxalq turnirə təsadüf edib. Əsgər Abdullayevin çalışdırdığı yığmamız fevralın 8-də keçirilən həmin matçda 0:1 hesabı ilə uduzub. Turnirdə bir xal toplayan, qol vura bilməyən Azərbaycan sonuncu yeri tutub. 2002-ci martın 27-də Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən yoldaşlıq görüşü də milli komandamızın 0:1 hesablı məğlubiyyəti nəticələnib. Həmin vaxt yığmamızın sükanı arxasında Kazbek Tuayev olub. Nəhayət, 2005-ci ilin avqustun 17-də Vaqif Sadıqovun çalışdırdığı millimiz albanlarla sonuncu matçında da minimal hesabla uduzub – 1:2. Yenə Tiranada baş tutan görüş komandamız üçün yaxşı başlayıb. Yığmamız Zaur Tağızadənin vurduğu qolla hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Sonradan iki qol vuran rəqib komanda əzmkar qələbə qazanıb. Yığmamızla bir qayda olaraq, qeyri-rəsmi matçlarda görüşən Albaniya millisi Bakıya gələn yeni komanda olacaq.

Yeri gəlmişkən, yığmamız 12 ildir öz meydanında keçirdiyi yoldaşlıq görüşlərində uduzmur. Millimiz tarixi ərzində yalnız bir dəfə evdə keçirdiyi yoxlama matçından məğlub ayrılıb. Bu da 1996-cı il aprelin 9-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Türkiyə ilə görüşə təsadüf edib. Bu arenada özünün ilk oyununu keçirən yığmamız həmin qarşılaşmada 0:1 hesabı ilə uduzmuşdu. 12 il əvvəlki məğlubiyyətdən sonra 13 dəfə rəqiblərini qəbul edən komandamız bir daha meydanı məğlub tərk etməyib. Ümumiyyətlə, yığmamız evdə keçirdiyi yoxlama oyunlarında 8 qələbə qazanıb, 6 heç-heçə edib və 1 dəfə uduzub. 2004-cü il noyabrın 17-də Bolqarıstanla keçirilən qarşılaşmada isə “sülh” ənənəsinin təməli qoyulub. Həmin qarşılaşmadan başlayaraq, Bakıda keçirilən bütün yoxlama oyunlarında heç-heçə qeydə alınıb. Bolqarıstanın ardından 2005-ci ildə Moldova, 2006-cı ildə isə Ukrayna ilə qolsuz heç-heçə edən millimiz iki il əvvəl Türkiyə, ötən il isə Gürcüstanla qarşılaşmada 1:1 hesabı ilə kifayətlənib.

Albanlarla görüşün milli komandamızın bu il sonuncu oyunu olması, matçın prinsipiallığı artırır. Düzdür, bizimkilər dekabrda da yoldaşlıq görüşü planlaşdırsalar da, bu, hələ ki yalnız kağız üzərində qalıb. Bu mənada ili major notda, qələbə ilə başa vurmaq hər birimizin ürəyindən keçir. Elə Foqts da yoxlama oyununda olsa belə, Bakıda ilk qələbəsini qazanmaq iddiasındadır. Bu mənada alman mütəxəssis Albaniya ilə matça təkcə futbolçuları sınaqdan keçirmək yox, nəticə qazanmaq məqsədi güdəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Albaniya oyunu Az.TV ilə canlı yayımlanacaq. Saat 20:00-də başlayacaq görüşü 32 yaşlı gürcüstanlı FİFA hakimi Laşa Silaqava idarə edəcək.


0