Albanlar Bakıda yeyib-içdilər
18.11.2008 - 13:03
Albanlar Bakıda yeyib-içdilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sabah Azərbaycanla qarşılaşacaq Albaniya yığması üçün Bakıdakı ilk gün əlamətdar olub. “APA-Sport”un məlumatına görə, rəqibimiz paytaxtda məclis qurublar ki, buna Bakıya gələn heyətin ən təcrübəli futbolçusu Ervin Skelanın ad gününü qeyd etməsi səbəb olub. İndiyədək yığmada keçirdiyi 47 matçda 9 qol vuran Ervin 32 yaşını komanda yoldaşları və məşqçilərlə birgə qeyd edib. Hətta Albaniya Futbol Federasiyasının prezidenti Armend Duka da futbolçunu təbrik edənlər sırasında olub.

Maraqlıdır ki, Almaniyanın “Enerji” klubunda çıxış edən Skeladan bir gün əvvəl albaniyalıların baş məşqçisi Ari Haan 60 yaşını qeyd edirdi. Adı Bakıya gələn heyətdən sonradan çıxarılan yığmanın kapitanı Altın Lalanın doğum günü isə bu gündür. Lala da yığmanın düşərgəsində olsaydı Haanın yetirmələri ardıcıl məclislərin ardından stadiona çıxmalı olacaqdı.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Albaniya matçı sabah saat 20:00-da başlayacaq.
0