Milli komandamız Lənkəranda hansı yığmanı qəbul edəcək?
18.11.2008 - 13:36
Milli komandamız Lənkəranda hansı yığmanı qəbul edəcək?
Bakı - APA-Sport. Yığmamız gələn il Lənkəran mərkəzi stadionunda Dünya çempionatının (DÇ) seçmə oyunlarından birini keçirə bilər. Artıq uzun müddətdir ki, ölkənin bir nömrəli komandasının ev oyunlarını paytaxt Bakının hüdudları xaricində keçirməsi məsələsi müzakirə edilir.

“APA-Sport”un məlumatına görə, “Xəzər Lənkəran” rəhbərliyinin Lənkəran mərkəzi stadionunu milli komandamızın oyunları üçün təklif etməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən təqdirəlayiq hal kimi qarşılanıb və qurumun baş katibi Elxan Məmmədov bildirib ki, futbolumuzun inkişafı, kütləviliyinin təmin olunması və təbliğatının genişləndirilməsi naminə milli komandamızın DÇ-nın qrup mərhələsi çərçivəsində gələn il üçün nəzərdə tutulan oyunlardan biri Lənkəranda baş tutacaq.

Atıq Lənkəranın mərkəzi stadionuna beynəlxalq futbol qurumları tərəfindən sertifikatın verilməsi ilə bağlı AFFA-nın müraciətinə əsasən, Lənkəran şəhərində monitorinq keçirilib. Beynəlxalq təşkilatların DÇ-nın seçmə oyunlarının şəhərimizdə keçirilməsinə əngəl yaratmayacağına ümid böyükdür. Belə ki, indiyədək həm millimizin, həm də “Xəzər Lənkəran”ın beynəlxalq səviyyəli oyunları Lənkəranda keçirməsinə burada beynəlxalq hava limanın olmaması idi. Beynəlxalq qurumların tələbinə görə isə, yarışın keçiriləcəyi stadionla hava limanı arasındakı məsafə 100 km-dən çox olmamalıdır. Bakı və Lənkəran arasındakı məsafə isə bundan qat-qat çoxdur. Lakin cari il oktyabrın 8-də Lənkəranda beynəlxalq hava limanının açılışı olub. Bu isə o deməkdir ki, daha Lənkəranda beynəlxalq oyunların keçirilməsinə heç bir maneə qalmayıb.

Qeyd edək ki, millimiz indiyədək ölkə daxilində keçirdiyi bütün rəsmi oyunlar paytaxtda baş tutub.





0