Vaqif Sadıqov: “Bəhreyndəki qələbənin davamını gözləyirik”
18.11.2008 - 17:34
Vaqif Sadıqov: “Bəhreyndəki qələbənin davamını gözləyirik”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Albaniya yığması oyun nizam-intizamı ilə seçilən komandadır. Üç il öncə Tiranada keçirilən yoldaşlıq görüşündə biz xüsusilə ilk hissədə yaxşı oyun göstərmişdik. Hesabı açsaq da, sonradan buraxdığımız iki qolla qələbəni əldən verdik”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.

Albaniyalılarla axırıncı yoldaşlıq görüşündə milli komandamıza rəhbərlik edən 49 yaşlı mütəxəssis rəqiblər arasında kəskin səviyyə fərqinin olmadığını bildirib: “Həmin vaxt Albaniya yığmasını çalışdıran alman mütəxəssis Hans-Peter Brigel bizimlə oyuna bütün namizədləri gətirə bilmişdi. İndi isə rəqibin heyətində bir sıra itkilər var. Albaniyada da bizim kimi yeni komanda qurulur və baş məşqçisi əcnəbidir. Hollandiya və Almaniya öz sözünü demiş futbol məktəbləridir. Onlar öz oyun dəst-xətlərini çalışdırdığı komandalara tətbiq edir və bu mənada baş məşqçilərin qarşıdurması maraq doğurur”.

Sadıqovun fikrincə, ilk dəfə Bakıya gələn Albaniya yığmasını məğlub etməklə azarkeşləri sevindirmək lazımdır. Sabahkı matçın maraqlı alınacağını gözləyən təcrübəli mütəxəssis 2008-ci ili major notda başa vurmağımızı istəyir: “Hesab edirəm ki, milli komandamız rəqibi məğlub etməyə layiqdir və bunu reallaşdıra bilər. Yığmamızdan Bəhreyndəki qələbənin davamını gözləyirik. Milli komandamızın baş məşqçisi Berti Foqtsun son anda Saşa Yunisoğlu ilə Branimir Subaşiçi çağırması, onun əvvəlki heyətə güvəndiyini göstərdi. Hazırda yığmada yeni simaları görməkdən daha çox köhnə heyəti “oturtmaq” məqsədi güdməliyik”.

Qeyd edək ki, son oyununu oktyabrın 15-də səfərdə Bəhreyn yığması ilə keçirən milli komandamız həmin yoldaşlıq görüşündə qələbə qazanıb (2:1).


0