Azərbaycan yığmasını məğlub et, 20 min avro qazan!
18.11.2008 - 17:34
Azərbaycan yığmasını məğlub et, 20 min avro qazan!
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığmasının qazana biləcəyi mükafatın məbləği müəyyənləşib. “APA-Sport”un məlumatına görə, başda kapitan Mixael Ballak olmaqla, oyunçular bu məsələni Almaniya Futbol İttifaqının rəhbərliyi ilə müzakirə ediblər.

Tərəflər mükafatların verilmə sxemini razılaşdıra biliblər. Beləliklə, almaniyalılar Cənubi Afrika Respublikasında keçiriləcək çempionata birbaşa vəsiqəni qazanarlarsa, hər futbolçu meydana çıxdığı bir görüş üçün 20 min avro qazanacaq. Mükafatın hesablanması zamanı ayrı-ayrı qarşılaşmaların nəticələri, həmçinin futbolçunun meydanda neçə dəqiqə olması əhəmiyyət kəsb etməyəcək.

Nəzərə alsaq ki, Almaniya milli komandası seçmə mərhələdə ümumilikdə 10 matça çıxacaq, deməli, hər oyunçu maksimum 200 min avro irəli düşə bilər. Əgər Yoahim Lövün yetirmələri yığmamızın da yer aldığı qrupda ikinci yeri tutsalar, ardından pley-off mərhələsini uğurla dəf etsələr, hər oyun üçün verilən mükafatın məbləği 16 500 avroya enəcək.

Qeyd edək ki, Azərbaycan və Almaniya yığmaları gələn il 19 avqust və 9 sentyabrda qarşılaşacaqlar.
0