Albaniya yığmasında daha iki itki?
18.11.2008 - 18:40
Albaniya yığmasında daha iki itki?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Albaniya yığmasının daha iki futbolçusu Azərbaycanla sabah keçiriləcək qarşılaşmada iştirak etməyə bilər. “APA-Sport”un məlumatına görə, hollandiyalı mütəxəssis Ari Haanın Bakıya gətirdiyi heyətin iki üzvü ölkəmizdə keçirilən məşqlərdən kənar qalıb.

Albaniya yığmasının təcrübəli futbolçularından sayılan Klodian Duro (milli komandada 43 oyun, 2 qol) və qapıçı İsli Hidi (4 oyun) Kipr çempionatının növbəti oyunundan sonra Bakıya gəldikləri üçün məşq edəcək durumda olmayıb. 60 yaşlı çalışdırıcı hələ də onların meydana çıxıb-çıxmayacağı ilə bağlı suala aydınlıq gətirə bilməyib. Hidinin oyuna gətirilən iki qapıçıdan biri və ən təcrübəlisidir. Onun oynamamağı rəqibimizin gənc Samir Uykaninin ümidinə qalmağına səbəb olacaq. “Palermo”nun 20 yaşlı ehtiyat qapıçısı indiyədək millidə debüt etməyib. Lakin U-21-lərin oyununda millimizlə üz-üzə gəlib. Samir Bakıdakı ilk oyunda ehtiyatda qalsa da, iki ay əvvəl sentyabrın 10-da gənclər yığmamızla qarşılaşmada qapısını toxunulmaz saxlaya bilib.

Qeyd edək ki, Haan açıqladığı 20 nəfərlik heyətdən üç futbolçunun xidmətindən xeyli əvvəl məhrum olmuşdu. Zədələnən Aryen Beqay (28 oyun) və Altın Lalanı (61 oyun, 3 qol) gənc oyunçularla əvəzləyən mütəxəssis Lorik Kananın (27 oyun, 1 qol) yerinə heç kimi Bakıya gətirməmişdi.
0