Futbol yığmamız İspaniyaya qarşı
19.11.2008 - 11:12
Futbol yığmamız İspaniyaya qarşı
Bakı. Aqşin Əliyev - APA-Sport. 2010-cu ildə 19 yaşadək qızlardan ibarət futbol üzrə milli komandalar arasında keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. “APA-Sport”un məlumatına görə, yarışın birinci seçmə mərhələsində 44 kollektiv 11 qrupda mübarizə aparacaq.

Azərbaycan yığması 10-cu qrupda İspaniya, Ukrayna və Kiprlə qarşılaşacaq. Bu qrupun oyunlarının hansı ölkədə keçiriləcəyi hələlik müəyyənləşməyib. Milli komandamız rəqiblərini 2009-cu il 19-24 sentyabr aralığında sınağa çəkəcək.

Reqlamentə əsasən, qrupda ilk iki pillədə qərarlaşan, eləcə də ən yaxşı göstəricilərlə 3-cü yeri tutan komandalar ikinci seçmə mərhələyə adlayacaqlar. Almaniya yığması mübarizəyə birbaşa ikinci mərhələdən qoşulacaq. Səkkiz yığmanın qatılacağı final turniri isə 2010-cu ilin yayında Makedoniyada baş tutacaq.
0