Ari Haan: “Hücum futbolu oynayacağıq”
19.11.2008 - 11:57
Ari Haan: “Hücum futbolu oynayacağıq”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bu gün Azərbaycanla qarşılaşacaq Albaniya yığması səfərdə oynamasına baxmayaraq hücum futbolu nümayiş etdirəcək. “APA-Sport”un məlumatına görə, rəqibimizin baş məşqçisi Ari Haan Albaniya mətbuatına açıqlamasında heyətdəki itkilərin planlarına təsir etmədiyini bildirib:

“Komandamızın hücum xəttində ciddi problemlər var. Azərbaycanla oyuna çağırdığım 5 hücumçudan yalnız üçü bu qarşılaşmada meydana çıxa biləcək. Onlardan da ikisi – Lika və Sukay milli komandada ilk matçına çıxmaq şansı əldə edəcək. Buna baxmayaraq, Bakıdakı görüşdə hücum futbolu oynayıb, qol axtarışında olacağıq”.

Türkiyənin “Hacettepe” klubunun hücumçuları Jilman Lika və Cevahir Sukay Albaniya millisinin debütantı olsalar da Azərbaycan yığmasına qarşı çıxış edib. Belə ki, 21 yaşlı futbolçular U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində komandamıza qarşı hər iki oyunda meydana çıxıb. Ötən ilin oktyabrın 17-də Bakıda İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən oyunda hər iki futbolçu 90 dəqiqə əvəzolunmadan meydanda olmuşdu. İki ay əvvəl Albaniyada baş tutan matçda isə hər iki oyunçu start heyətdə meydana çıxıb əvəzlənməsə də, Sukay 64-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Bakıdakı matçda qırmızı vərəqə alan Elis Bakay da yenidən yığmamıza rəqib olacaq.

Qeyd edək ki, Albaniya millisinin Bakıya gələn ən təcrübəli hücumçusu Besart Berişa yığmada cəmi 8 oyun keçirib.


0