Cəfər İrismetov “Neftçi”yə gəldi
19.11.2008 - 12:09
Cəfər İrismetov “Neftçi”yə gəldi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” baxışa daha bir əcnəbi hücumçu çağırıb. “APA-Sport”un məlumatına görə, dördqat ölkə çempionu Moskva “Spartak”ında çıxışı ilə tanınan Cəfər İrismetovu sınaqdan keçirəcək.

2001-ci ildə “Spartak”ın heyətində 8 oyun keçirən 32 yaşlı özbəkistanlı hücumçu Rusiya çempionluğunu qazanıb. İki dəfə Özbəkistan, bir dəfə Qazaxıstan çempionu olan İrismetov 2001-ci ildə “Spartak”ın heyətində “Birlik kuboku”nin qalibi olub. Karyerası boyu güclülər dəstəsində 219 qol vuran Cəfər üç dəfə Özbəkistan, iki dəfə Qazaxıstan çempionatının bombardiri olub.

Vətənində “Dustlik” (1993-97, 98, 135 oyun, 89 qol), “Dinamo” (Səmərqənd, 1999, 27 oyun, 19 qol), “Paxtakor” (2003, 5 oyun, 3 qol) klublarında çıxış edən İrismetov Yunanıstanda “Panatinaikos” (1997/98, 1 oyun), Rusiyada “Spartak”la yanaşı, “Çernomorets” (1998, 7 oyun, 1 qol), “Anji” (2002, 11 oyun), Belarusda “Slaviya” (2001, 9 oyun, 3 qol), Ukraynada “Krivbass” (2003/04, 11 oyun 1 qol) klubunda forma geyib.

Son dörd ildə Qazaxıstanda “Kayrat” (2004-05, 49 oyun, 22 qol), “Alma-Ata” (2006-08, 63 oyun, 38 qol) və “Aktobe”də (15 oyun, 2 qol) forma geyinib. Milli komandasında 33 oyunda 18 qol vuran Cəfər vaxtilə yığmamıza və “Birlik kuboku”nda klublarımıza qarşı çıxış edib.

Qeyd edək ki, “Neftçi” Cəfər də daxil olmaqla, hazırda 7 futbolçunu sınaqdan keçirir.





0