Rubin “Xəzər-Lənkəran”ı şanslı sayır
19.11.2008 - 13:21
Rubin “Xəzər-Lənkəran”ı şanslı sayır
Bakı. Mehman Süleymanov - APA-Sport. “Latviya yığmasından kənarda qalmamaq üçün daim oynamaq lazımdır. Bu zaman hansı çempionatda çıxış etmək elə də böyük fərq etmir”. Bunu “APA-Sport”a açıqlamasında Bakının “İnter” klubunun latviyalı yarımmüdafiəçisi Andrey Rubin deyib. Uzun illər milli komandasında çıxış edən, 2004-cü il Avropa çempionatının final mərhələsinin iştirakçısı olan 30 yaşlı futbolçu “İnter”in əsas heyətində hələ möhkəmlənə bilmədiyinə görə narahat deyil.

Onun fikrincə, Azərbaycanda çıxış etmək yığma karyerasını təhlükə altına salmır: “Hazırda yığmamızda daha çox ölkə çempionatında çıxış edən futbolçular yer alıb. Deməzdim ki, Latviya çempionatının səviyyəsi Azərbaycan Premyer Liqasından yüksəkdir. Bundan əlavə, milli komandamızın baş məşqçisi Aleksandr Starkovla 10 ildir bir yerdə çalışırıq. O, məni çox yaxşı tanıyır və Azərbaycanda oynamaq mənə problem yaratmayacaq. Bütün bunları nəzərə alsaq, narahatçılığa əsas yoxdur. Starkov Estoniya ilə yoldaşlıq görüşündə gənc futbolçuları yoxlamağı qərara aldı”.

Son turlarda mütəmadi meydana çıxan Rubin səfərdə “Neftçi” və “Xəzər-Lənkəran”a qol vurmaqla, “İnter”in qələbəsində pay sahibi oldu. Latviyalı futbolçu ölkəmizdə çıxış etməyin çətinliyi bunda görür: “Hamı “İnter”lə oyuna ciddi hazırlaşır, əzmkar mübarizə aparır. Görünür, komandamızın son ölkə çempionu olmasının böyük təsiri var. Yəqin ki, rəqiblərimiz bizimlə oyunda futbolçularına yüksək pul mükafatı qoyur. Oyunçuların meydandakı canfəşanlığı maddi stimuldan irəli gələ bilər. İstənilən halda, indi məni daha çox öz oyunumuz maraqlandırır”.

Çempionluq uğrunda “Xəzər-Lənkəran”ın da şansını yüksək qiymətləndirən Rubin “İnter”in titulunu qoruması üçün çalışacaqlarını söyləyib: “İndidən kimin çempion olmasını söyləmək çətindir. Çünki qarşıda hələ çox oyunlar var. İlk dövrənin son iki turunda uğurla çıxış edib, liderliyi qaytarmalıyıq”.
0