“Qara piar” - II hissə
19.11.2008 - 14:33
“Qara piar” - II hissə
Bakı. Aqşin Əliyev - APA-Sport. Ərtoğrul Sağlamın “Xəzər-Lənkəran”a baş məşqçi “təyin olunması” ilə bağlı gülməli iddia çoxlarını qıcıqlandırıb. Kimdir bu çoxları? Qələminə hörmət bəslədiyimiz, yazılarını sevə-sevə oxuduğumuz jurnalistlər, həmçinin “Qarabağ” və “Xəzər-Lənkəran”ın rəsmiləri. Jurnalistlərə təsir edən odur ki, biz - Azərbaycanın bir nömrəli idman qəzeti “Futbol+” və bir nömrəli idman agentliyi “APA-Sport” - onların idman ictimaiyyətinə, azarkeşlərə sırımaq istədikləri xəbəri ifşa etmişik. “Qarabağ”ın və “Xəzər-Lənkəran”ın rəsmiləri haqda isə bir az sonra.

Özümüzdən çox danışmayacağam. Onsuz da heç kim məni və ya bizi mənim tərifli sözlərimlə deyil, əməllərimlə tanıyır - pis, ya da yaxşı. Hər bir “APA-Sport”çu nə qədər zəif olsa belə, “İnformasiya mübadiləsində uduzmağın acığını həmkarlarından çıxmağa çalışan özünü “çoxbilmiş” sayan bəzi jurnalistlər bu xəbəri “qara piar” kimi qələmə verməklə, əslində, özlərinin eyni vəzifəni yerinə yetirdiklərinin fərqində olmayıblar” - deyən portalın rəhbərinə dərs keçməyə qadirdir. Çünki həmin portalın rəhbəri idman mətbuatında təsadüfüdür. Heç olmasa, bu ölkənin ən yaxşı portalı seçilin, Azərbaycan idmanının inkişafına öz töhfənizi verin, sonra danışmaq hüququ qazanarsınız...

“Qarabağ”ın bəyanatını oxumuşam. Populist bəyanatdır. Üzümü bu bəyanatı yazanlara tutub deyirəm: təkcə, siz vətənpərvərsiniz, eləmi? Görəsən, öz yazdıqlarınıza özünüz inanırsınız? Kaş, populist yazıları qələmə aldığınız kimi, futbol da oynaya biləydiniz. Biz Ərtoğrul Sağlama “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov tərəfindən təklif göndərilməsi ilə bağlı xəbərin “Qarabağ”ın düşərgəsindən yayıldığını sübut edə bilərik. Amma necə deyərlər, üz üzdən utanır, “utanmasan oynamağa var ki”...

Yox, əgər bizi məhkəməyə vermək istəyirsinizsə, buyurun. Harada istəsəniz görüşə bilərik: məhkəmədə, stadionda, Bakının “Torqovlik” küçəsində, Kürdəmirin qızmar çöllərində, Böyük Qafqaz sıra dağlarının qarlı aşırımlarında və s. Ancaq məhkəmə iddiasına düşməmişdən öncə heç olmasa, Cinayət Məcəlləsini, İnzibati Xətalar Məcəlləsini əlinizə götürüb, səhifələyin. Onda sizə aydın olacaq ki, hər bir cinayətin obyekti, subyekti, obyektiv və subyektiv cəhəti var.

Yalnız bizim futbol klublarının rəsmiləri belə psixologiyada ola bilərlər: mikroskopik ölçülü reklam verirsənsə, vəssalam, artıq həmin portal, qəzet, jurnal və efir sənindir! Guya jurnalist bütün nöqsanlara göz yummalı, futbol məmurlarının tərifini göyə qaldırmalıdır. Həqiqəti yazmaq isə qəti qadağandır. Reklam çox şeydir, amma hər şey deyil, cənablar. Bir də ki, “xoruz yox idi, səhər açılmırdı”...

Növbə çatdı “Xəzər-Lənkəran”a. Lənkəran klubu bəyanat xatirinə bəyanat yayıb. Bəyanatın girişini, klubun vitse-prezidenti Araz Nəsirovun fikirlərini oxudum, ancaq onların nə demək istədiklərini anlamadım. Bəlkə “Xəzər-Lənkəran”ın rəsmiləri “qonşudan qalma dala” prinsipini əsas götürüb, “Qarabağ” kimi bəyanat yaymaq istəyiblər? Məgər, bu həmin Nəsirov deyilmi ki, iki gün öncə Sağlamla bağlı xəbərə münasibət bildirərkən “APA-Sport”a açıqlamasında “Belə xəbərləri yayanlar klubumuzda ab-havanı pozmaq niyyəti güdür, komanda daxilində olan möhkəm birliyi sarsıtmaq istəyirlər. Ancaq onlar istəklərinə çatmayacaqlar” demişdi?

İnsaf naminə, “Qarabağ”ın bəyanatı daha dolğundur. Cənab Nəsirov, siz hələ futboldan çox-çox uzaq olduğunuz dövrdə bizə jurnalistikanın təməl prinsiplərini öyrədəndə diqqətli, operativ, obyektiv, dəqiq və ehtiyatlı olmağı tapşırıblar. Sizin məsləhətləriniz isə...

Mən nə “Neftçi”nin vəkiliyəm, nə də “Xəzər-Lənkəran”ın. Bununla belə, adını çəkdiyim klublar beynəlxalq miqyaslı yarışlarda məni “Qarabağ”dan daha çox sevindirib. “Qarabağ”ın isə böyük hesablı məğlubiyyətlərinə adətkar olmuşuq. İnanmayanlar, Azərbaycan futbolunun ən yeni tarixinə baxa bilərlər.

Həmkarlarıma isə sözüm budur ki, xəbər yayımı zamanı şəxsi münasibətləri bir kənara qoymaq lazımdır. Yəqin ki, agentliklərdə çalışanlar xəbərə şərh yazmamağı, şəxsi mənafeyə uyğun təqdim etməməyi bilirlər. Yoxsa, Məmməd, Cəfər, Qafar mənim dostumdur deyə, onların antipatiyası olduğu şəxsləri imkan düşdükcə vurmaq - bu, qeyri-peşəkar, istedadsız, cılız jurnalistin təxəyyülüdür.

“APA-Sport”un xəbər yayımında udub-uduzmasına gəlincə, xanımlar və bəylər, onsuz da hamımız bu Vətənin övladıyıq və AZƏRBAYCANIMIZ üçün çalışırıq. Operativlikdə bizi qabaqlayan varsa, buna sevinirik. Axı, yekun nəticədə ölkə idmanı udur. Odur ki, hədə-qorxunu özünüzə saxlayın, “qara piar”dan uzaq olun! Hər şeyin əvvəli olduğu kimi, sonu da var. Rasim Kara Azərbaycanda əbədi işləməyəcəyik ki?! Nə vaxtsa, çamadanını qoltuğuna vurub o da ölkəmizdən gedəcək. Onda arzunuza çatacaq, bugünkü hərəkətlərinizə isə güləcəksiniz.
0