Ruslan Abbasov “İnter”ə pul ödəyib
19.11.2008 - 17:46
Ruslan Abbasov “İnter”ə pul ödəyib
“Neftçi” rəhbərliyi ilə gələcək taleyimlə bağlı söhbətim olub. Klubla müqaviləmin müddəti başa çatmasa da, başqa komandada oynamağıma imkan yaradılıb”. Bunu apasport.az saytına açıqlamasında ötən ay “Neftçi”nin əsas heyətindən uzaqlaşdırılan Ruslan Abbasov deyib.

Almaniyalı baş məşqçi Hans-Yurgen Gedenin flaqmanda həyata keçirdiyi islahatların qurbanlarından olan 28 yaşlı müdafiəçi hərdən “Neftçi”nin ikinci komandasında məşq etdiyini söyləyib. Özünə yeni klub axtaran Ruslan bir neçə variantın olduğunu bildirib: “Bir-iki klubdan təklif almışam. Sadəcə, keçidim həll olunmadığından, hələlik ad açıqlamaq istəmirəm. Məni heyətində görmək istəyən komanda transfer vərəqəmi alıb, gəlməyimi istəyir. “Neftçi”dən müqaviləyə görə həvəsləndirici para almadığım üçün sərbəst şəkildə başqa kluba keçə bilərəm. Gede məni çıxardıqdan sonra əsas komandaya dönüşüm qeyri-mümkündür”.

Ruslan ötən mövsüm heyətində çempion olduğu “İnter”i “Neftçi”yə dəyişməyə qərar verdi: “Yayda “Neftçi”yə gəlmək üçün öz cibimdən “İnter”ə pul verməli oldum. Çünki bu klubla hələ bir illik müqaviləm vardı və transferimə görə pulu özüm ödədim. “İnter”lə çempion olmağıma baxmayaraq, uzun illər çıxış etdiyim, doğma saydığım “Neftçi”yə qayıtmağı üstün tutdum. Lazım deyildimsə, elə “İnter”də qalardım. Hər halda, bu komanda məni saxlamaq istəyirdi”.

Abbasovun sözlərinə görə, “Neftçi”də çıxış etdiyi müddətdə, İntertoto kuboku oyunları zamanı maaş, mükafat baxımından korluq çəkmirmiş: “Aylıq məvacibimi, “18-liy”ə düşəndə isə mükafat alırdım. “İnter”də mövsümün ən azı yarısında oynadığım halda, “Neftçi”də heç meydana çıxmadım. Futbolçuya yalnız maaşla yaşamaq, ailəni dolandırmaq çox çətindir. Həvəsləndirici para almayanda elə çıxır ki, pulsuz futbol oynamısan”.
0