Türkiyə futbolunun 10 ən “dəli” legioneri - FOTO
29.12.2008 - 22:53
Türkiyə futbolunun 10 ən “dəli” legioneri - FOTO
Türkiyə futbolu tarixinin çılğın, qeyri-adi hərəkətləri ilə fərqlənən 10 ən “dəli” legionerin adı açıqlanıb. Apasport.az saytı bu siyahını sizlərə təqdim edir.

1. Paskal Numa

Fransada doğulan Paskal “Beşiktaş” tarixinin bəlkə də ən qalmaqallı futbolçusudur. O, həm meydanda, həm də kənarda gözlənilməz hərəkətlərə yol verməklə, gündəmə gəlirdi. Dəfələrlə rəqib komandaya, eləcə də azarkeşlərə qarşı qeyri-etik jestlər edir, sonradan isə onlardan üzr istəyirdi. Təsadüfi deyil ki, “Beşiktaş” rəhbərliyi belə hallara görə, onu komandadan qovmuşdu. Müəyyən müddətdən sonra Numa geri döndü, amma ikinci qayıdışın da ömrü uzun sürmədi.

2. Stiv Kompela

Kompela Türkiyədə “Qaziantepspor” və “Çanakkale Dardanelspor” klublarının şərəfini qoruyub. 3 il ərzində türk dilini tər-təmiz öyrənməyi bacarıb. İxtisası ingilis dili və ədəbiyyatı olan Stiv 4 dil bilirdi. Telekanalların birində şərhçilik də etmişdi. Ən yadda qalan məqam isə onun Kibariyə ilə göbək rəqsi oynaması idi. Və Kompela qəflətən yox çıxdı. İndi Cənubi Afrikada yaşadığı və məşqçi kimi fəaliyyət göstərdiyi bildirilir.


3. Fernand Kolibali

Anadolu komandalarının bir çoxunun formasını geyinmiş malili futbolçu. Onun da çox sərgüzəştləri olub. Bir dəfə təbii ehtiyacını “Əli Sami Yen” stadionuna ödəmişdi, bir dəfə isə “Fənərbaxça” azarkeşlərinə qarşı qeyri-etik jestin ardından “Fənərbaxça” dünyanın ən böyük klubudur, günlərin birində mən də orada oynayaram” demişdi. Bəli, Fernand belə oğlan idi...

4. George Haci

Rumıniya futbolunun canlı əfsanəsi daima hakimlərlə mübahisəyə girişirdi. 2001-ci ildə belə mübahisələrin biri ona asan başa gəlmədi. Hakim Erol Ersoya qarşı idmançıya yaraşmayan hərəkət etdiyindən Haci məhkəməyə düşdü. Ona 17 ay həbs cəzası verdilər. Daha sonra cəzanı bir təhər pul cəriməsinə çevirmək mümkün oldu.
Həmin matçda təcrübəli yarımmüdafiəçi hakimi söyərək, fiziki təzyiq göstərməyə çalışmışdı. Pul cəriməsindən başqa Haci 6 oyunluq da diskvalifikasiya edildi.

5. Məcid Mususi

Onun ləqəbi “Bursaspor”lu timsah” idi. Mususi Türkiyə futboluna adını qızıl hərflərlə yazdırıb. Uqandalı gözəl qollara müəlliflik etməklə bərabər, ehtiraslı futbolçu kimi də tanınırdı. Buna görə də onun adı tez-tez seks qalmaqallarında hallandırılırdı. Hətta doğma vətənində də dava-dalaş salmışdı. Təəssüf ki, əlacsız xəstəlik ucbatından cavan yaşlarında gözlərini əbədi yumdu.

6. Əli Fərid Mondaqon

Mondraqon Taffareldən sonra “Qalatasaray”ın ən yaxşı qapıçısı sayılır. Onun necə çılğın olduğunu bilmək üçün qol sevinclərinə baxmaq kifayətdir. Eyni zamanda rəqib futbolçulara gizli zərbələr də vururdu. Çempionlar Liqasında “Olimpiakos”la görüş zamanı rəqibə başla bilərəkdən zərbə endirdikdən sonra özünü bicliklə yerə yıxdı. Bu epizod məşhur “Eurosport” telekanalında “Günün görüntüsü” nominasiyasının qalibi olmuşdu. O, hazırda Almaniyanın “Köln” klubunda çıxış edir.

7. Yulian Sebastyan Filipesku

Rumıniyalı futbolçu 1996-97-ci illərdə qurulmağa “Qalatasaray”ın gələcək möhtəşəm heyətinin üzvlərindən biri idi. Ancaq qalmaqalları ilə daha çox diqqət çəkirdi. Xüsusilə, topsuz yerlərdə, hakimlərin görməyə çətinlik çəkdiyi yerlərdə rəqibinə tüpürürdü. Aqressivliyinə və azarkeşlərin təzyiqinə görə 2 il “Cim Bom”da oynadıqdan sonra “Betis”ə keçdi.

8. İbrahim Yattara

Türkiyə futbolunun 10 ən “dəli” legioneri siyahısında Yattaranı qeyd etməmək, qeyri-mümkündür. O, qonşu ölkədə analoqu olmayan hadisə törədib. Belə ki, həyat yoldaşı Amiyetanı döydüyü üçün İbrahim polisə düşüb. Ondan yazılı ifadə alınıb. Yalnız “Trabzonspor” rəsmilərinin işə qarışmasından və Amiyetanını şikayət ərizəsini geri götürməsindən hüquq-mühafizə orqanları qaradərili futbolçunu sərbəst buraxdılar. Maraqlıdır ki, həmin həftədə oynanılan turda bütün komandalar meydana “Qadına qarşı təzyiqə son!” şüarı ilə çıxmışdılar.

9. Uçe Okeçukvu

Uçe Türkiyə futboluna 10 ildən çox xidmət göstərib. İstər “Fənərbaxça”da, istərsə də “İstanbulspor”da sabit oyun nümayiş etdirərək, uğurlu karyera yaşayıb. Di gəl ki, onun arada şıltaqlığı tuturdu və yığmanın heyətindən gec dönürdü. Bu isə əsaslı söz-söhbətlərə səbəb olurdu. Onu da qeyd edək ki, Okeçukvu bir neçə klipə də çəkilib.

10. Elvir Baliç

Baliç “Bursaspor”dan “Fənərbaxça”ya keçəndən sonra günü qara olmuşdu. Nəticədə futbolçu məşqlərdən qaçmağa başladı, oyunda tez əvəzlənəndə isə stadionu tərk edirdi. Günlərin birində Baliç qəflətən 19,2 milyon dollar müqabilində Madrid “Real”na transfer oldu. Lakin zədə ucbatından İspaniyadakı legioner həyatı uğursuz alındı. Türkiyəyə geri dönəndə isə “Qalatasaray”a üstünlük Verdi. Onun keçmiş komandası - “Fənərbaxça”ya nifrətini bir cümlədən duymaq olduqca asandır: “Kəfən geyinərəm, amma bu komandanın formasını geyinmərəm!”.
0